Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin iyulu

Tokio, 20 iyun , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 iyul. Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul etdi.
3-6 iyul. Avstriyada rəsmi səfərdə oldu.
8 iyul. Dünya Bankının Azərbaycan, Gürcüstan və Ermənistan üzrə direktoru Cudi O’konnoru qəbul etdi.
11 iyul. Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər ilə görüşdü.
12 iyul. Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə birlikdə Səttarxan adına Neft Maşınqayırma Zavodunun inzibati binasında müvəqqəti məskunlaşmış qaçqınlarla görüşdü.
22 iyul. Azərbaycanda Milli Mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşü oldu.
25 iyul. Prezident sarayında Yaponiya Milli Neft Korporasiyasının prezidenti Yoşiro Kamatanı qəbul etdi.

X X X

Avstriya-Azərbaycan arasında siyasi münasibətlərin qurulmasına 1992-ci ildən başlanmışdı. Avstriya 1992-ci il yanvarın 15-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etdi. İkitərəfli münasibətlərdə ən məhsuldar dövr isə 2000-ci ildən başladı. Heydər Əliyevin Avstriyaya ilk rəsmi səfəri 2000-ci il iyulun 3-6-da baş tutdu. Səfər bir sıra mühüm görüşlərlə yadda qaldı. Belə ki, Ulu Öndər səfər çərçivəsində Avstriyanın federal prezidenti Tomas Klestil, xarici işlər naziri Benita Ferrero-Valdner, Vyana şəhərinin meri Mixael Hauplem, Avstriya parlamentinin sədri Haynts Fişer, Federal kansler Volfqanq Şüssel və digər rəsmi şəxslərlə görüşdü. Avstriya Respublikasının İqtisadiyyat Palatasında bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə danışıqlar apardı. Eyni zamanda, Avstriya prezidenti Tomas Klestil ilə birgə mətbuat konfransı keçirdi və hökumətlərarası sənədlərin imzalanması mərasimində iştirak etdi.

Ümummilli Lider səfər çərçivəsində Vyanada və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların bir qrupu ilə görüşdü, Avstriyanın bir sıra nüfuzlu qəzetlərinin və agentliklərinin jurnalistlərinə müsahibə verdi.
Avstriya İqtisadiyyat Palatasında ölkənin Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvləri ilə görüşündə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri haqqında danışdı. Azərbaycanın hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman çətinliklərlə üzləşdiyini diqqətə çatdıran Ulu Öndər qeyd etdi ki, bu münaqişə 1988-ci ildə, Sovet hakimiyyəti dövründə başlayıb. O vaxt Sovetlər İttifaqı güclü dövlət idi və istənilən münaqişəni aradan qaldıra bilərdi. Ancaq təəssüflər olsun ki, 1988-ci ildə Sovetlər İttifaqının rəhbərliyi, hökuməti və şəxsən Mixail Qorbaçov bu məsələdə düzgün mövqe tutmadı. 1990-cı ildə Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini tamamilə işğal etdi, orada yaşayan azərbaycanlıların hamısı məcburi köçkünə çevrildi.
İşğalın bu və digər fəsadları barədə auditoriyanı məlumatlandıran Azərbaycan Prezidenti münaqişənin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin daha ciddi səylərinə ehtiyac olduğunu vurğuladı.
Ölkəmizdə həyata keçirilən özəlləşdirmə proqramı barədə də məlumat verən Heydər Əliyev xarici şirkətləri Azərbaycana investisiya qoymağa çağırdı və bu məqsədlə lazımi qərarların qəbul olunduğunu bildirdi.
Sitat: “Azərbaycanın zəngin neft və qaz yataqlarında biz dünya birliyinin, yəni dünyanın böyük şirkətlərinin iştirakı ilə böyük işlər görmüşük və bu işlərin də yaxşı gələcəyi vardır. Ancaq Azərbaycanın başqa sektorlarına da indi xarici investisiyalar gəlir və maraq göstərilir. İndi Azərbaycanın özəlləşdirmə proqramının ikinci mərhələsi həyata keçirilməyə başlanır. Böyük sənaye müəssisələri də özəlləşdiriləcəkdir. Biz arzu edirik və qəbul etdiyimiz qanunda da bu, öz əksini tapıbdır ki, hər bir xarici vətəndaş, xarici şirkət gəlib Azərbaycanda özəlləşdirmədə iştirak edə bilər və lazımi sərmayə qoyub iş görə bilərlər. Xarici sərmayənin Azərbaycana gəlməsi üçün biz bir çox qanunlar qəbul etmişik və o qanunlar xarici sərmayəçilərin Azərbaycana gəlib, sərmayə qoyub fayda götürməsinə imkan yaradır”.
Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Milli mətbuatımızın yaranmasının ildönümlərinin geniş qeyd olunması ənənəsinin əsası da məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Məhz onun siyasi iradəsi sayəsində plüralizmi, şəffaflığı, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Təsadüfi deyildi ki, Heydər Əliyev mətbuatın dostu adlandırılırdı.
Ulu Öndər jurnalistlərlə mütəmadi görüşlər keçirirdi. Belə görüşlərin biri də 2000-ci il iyulun 22-də – Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illik yubiley günündə oldu. Prezident Heydər Əliyev milli mətbuatımızın keçdiyi inkişaf yolundan bəhs etdi, bu işdə əməyi keçən insanların xidmətlərini və fədakarlıqlarını minnətdarlıq duyğuları ilə xatırlatdı: “Azərbaycan xalqı müsəlman Şərqində, İslam dini mövcud olan bir ölkədə hələ 125 il bundan öncə demokratik qəzet yaratmağa qadir olubdur. Fəxr edirik ki, bizim dünyəvi teatrın 130 illik tarixi vardır. Fəxr edirik və bu, bölgədəki bütün xalqlardan bizi fərqləndirir. O mənada ki, bizdə demokratik, dünyəvi ideyalar bu günün, dünənin hadisəsi deyil. 125 il bundan öncə Həsən bəy Zərdabi, onunla bərabər Mirzə Fətəli Axundov və başqaları toplaşıb – təbiidir ki, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin yaradıcısıdır – belə bir təşəbbüslə çıxış ediblər. Gərək indi biz düşünək ki, o vaxt bu, asan yox, həddindən artıq çətin bir iş idi. Əgər 125 il bundan öncə bu, baş veribsə və biz “Əkinçi” qəzetini 125 ildir xatırlayırıqsa, indi görün bu insanlar nə qədər böyük vətənpərvər, millətinin inkişafını istəyən və nə qədər cəsarətli insanlar olublar. Çünki o şəraitdə belə bir qəzeti Azərbaycan dilində yaratmaq çox böyük risklərlə bağlı idi. Amma onlar bu riskləri ediblər”.
Ümummilli Liderin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı illər boyudur dillər əzbərinə çevrilib. Hələ 23 il əvvəl Heydər Əliyev böyük inamla, uzaqgörənliklə deyirdi ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. 2000-ci il iyulun 11-də Ulu Öndər Bakıya səfər etmiş Türkiyə Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqində xalqlarımız arasında əlaqələrin qədim tarixindən danışdı, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyənin Azərbaycanla bir yerdə olduğunu minnətdarlıqla vurğuladı. Eyni zamanda, yeni seçilmiş prezidentin xarici ölkəyə ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirdi.

Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil olunmuş rəsmi qəbuldakı nitqindən

• Türkiyə Cümhuriyyətinin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrində, ölkəmizin həyatında əlamətdar hadisədir. Yeni seçilmiş prezident xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Bu, Türkiyə Cümhuriyyətinin və onun prezidentinin Azərbaycana böyük önəm verdiyini nümayiş etdirir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası üçün nə qədər əziz olduğunu nümayiş etdirir.

• Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. Çünki bu əlaqələr dərin köklərə bağlıdır. Xalqlarımızın əlaqələrinin qədim tarixi vardır. Biz eyni kökə, dilə, dinə, adət-ənənələrə malik olan xalqlarıq. Biz öz tarixi keçmişimizlə daim fəxr etmişik və fəxr edirik. Eyni zamanda, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonrakı dövr Türkiyə-Azərbaycan əlaqələrində xüsusi yer tutur və böyük əhəmiyyətə malikdir.
•Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi Azərbaycanın dövlət müstəqilliyini dünya ölkələri sırasında ilk tanıyan ölkə Türkiyə oldu. Həmin dövrdə biz hələ dünyanın bir çox ölkələri ilə əlaqələr qurmağa çalışırdıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan kimi, ölkələrimiz arasındakı sərhədlər, qapılar dərhal açıldı, əlaqələr quruldu, qohumlar, dostlar bir-biri ilə görüşdü, insanlar uzun illərdən bəri çəkdikləri həsrətdən qurtuldular. Beləliklə də Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyədək ölkəmizin ən yaxın dostu, Azərbaycanla ən yaxın əməkdaşlıq edən dövlət Türkiyə Cümhuriyyətidir. Azərbaycan da öz xarici siyasətində Türkiyə Cümhuriyyəti ilə dostluğa, əməkdaşlığa, qardaşlığa xüsusi əhəmiyyət verir.
• Mən bu gün böyük məmnuniyyət, minnətdarlıq hissi ilə demək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Azərbaycanla bir yerdə olubdur, ölkəmizi dəstəkləyibdir, müdafiə edibdir. Türkiyə Ermənistanı təcavüzkar bir ölkə kimi dünyada pisləyibdir. Bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi müzakirə edilərkən Türkiyə həmin müzakirələrdə fəal iştirak edibdir. Bu münaqişənin həll olunması, Azərbaycana qarşı təcavüzün aradan götürülməsi üçün Türkiyə əlindən gələni edibdir.
Qeyd edək ki, son illər baş verən hadisələr iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm və sarsılmaz olduğunu bir daha bariz şəkildə təsdiqləyir. Azərbaycan-Türkiyə əlaqələri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın böyük səyləri ilə siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz və xalqlarımız sevincli günlərdə də, kədərli günlərdə də bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən yüksək dəyərləndirilir. Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan oldu. Şuşa bəyannaməsi ilə ölkələrimiz arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Bu ilin mayında yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini məhz Azərbaycana etdi

Follow us on social

Facebook Twitter Youtube

Related Posts