Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin yanvarı

Tokio, 4 noyabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 yanvar. Prezident Heydər Əliyev uşaqların Yeni il şənliyində iştirak etdi .

7 yanvar. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

“Ulduz” sarayında Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən ziyafətdə nitq söylədi.

14 yanvar. ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun rəhbərini qəbul etdi.

Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə keçirilmiş mərasimdə nitq söylədi. Dövlət Opera və Balet Teatrında Türkiyənin Qara dəniz filarmonik orkestrinin konsertində olub.

16 yanvar. MDB İcraiyyə Komitəsinin nümayəndə heyətini qəbul etdi.

18 yanvar. 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimdə iştirak etdi və nitq söyləyib.

20 yanvar. Şəhidlər Xiyabanını ziyarət etdi.

Şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü.

23 yanvar. UNESCO-nun nümayəndə heyətini qəbul etdi.

28-29 yanvar. MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə oldu.

X X X

Xronologiyadan göründüyü kimi, 2003-cü ilin yanvarı Türkiyədə parlament seçkilərində qalib gələrək yeni hökuməti formalaşdırmaq hüququ qazanmış Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfər ilə əlamətdar oldu. Ulu Öndər AKP sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. “Ulduz” sarayında Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verildi, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə tədbir keçirildi.

Bu səfərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açdığını, dönüş nöqtəsi olduğunu nəzərə alaraq bəzi təfərrüatları və Prezident Heydər Əliyevin bununla bağlı fikirlərini diqqətə çatdırırıq.

Yanvarın 7-də AKP sədri və nümayəndə heyəti ilə görüşən Ulu Öndər onların səfərini Azərbaycan üçün tarixi hadisə adlandıraraq dedi: “Biz Türkiyədəki işlərin hamısını daim ürəkdən, qəlbdən, Türkiyəyə bağlı olaraq izləmişik. Ona görə də belə bir səfərin indi baş verməsini mən Türkiyə– Azərbaycan əlaqələrində xüsusi tarixi əhəmiyyətə malik olan bir hadisə hesab edirəm”.

Ölkələrimiz arasındakı dostluq, qardaşlıq əlaqələrinin tarixən mövcud olduğunu qeyd edən Prezident Heydər Əliyev vurğuladı ki, xalqlarımız bir-birinə dərin köklərlə bağlıdır. Türkiyənin inkişafını Azərbaycan öz inkişafı kimi qəbul edir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra isə Türkiyə bizim ən yaxın dostumuz, qardaşımız olub. Bu gün də belədir və artıq biz bir-birimizlə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk.

İki qardaş ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan boru xəttinin məhz Türkiyənin ərazisindən keçirilməsi, Azərbaycanın böyük təbii qaz ehtiyatlarının yenə də Türkiyəyə və oradan Avropaya çıxarılması haqqında birgə qərarları buna misal olaraq göstərdi. Bunların hələ görüləcək işlərin başlanğıcı olduğunu deyən Heydər Əliyev bildirdi ki, qarşıda çox böyük imkanlar, böyük perspektivlər var və onlardan da birgə istifadə ediləcək.

Görüş başa çatdıqdan sonra Prezident Heydər Əliyev və AKP sədri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirdilər. Ulu Öndər mətbuata bəyanatında Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin ölkəmizin inkişafındakı mühüm roluna toxunaraq dedi ki, Türkiyədə yeni hökumət yaranandan sonra bir partiyanın iqtidarda olması əlaqələrimizin daha da sürətlənməsinə şərait yaradacaq.

Sitat: Bu dostluq əlaqələrini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər, bu gün də biz yüksək qiymətləndiririk. Məhz bu dostluq, qardaşlıq əlaqələri Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə edəndən sonra onun inkişafında mühüm rol oynayıbdır. Mən həmişə demişəm, bu gün də deyirəm ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən Türkiyə həmişə Azərbaycanla bərabər olub, bir yerdə olub və Azərbaycanın bütün qayğılarını bölüşübdür. Dedim ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir və həyatın bütün sahələrini əhatə edir. Ancaq hesab edirəm ki, indi Türkiyədə yeni hökumət yaranandan sonra bir partiyanın iqtidarda olması Türkiyə Cümhuriyyətinin sürətlə inkişaf etməsinə şərait yaradıb və belə halda, təbii ki, Türkiyə–Azərbaycan əlaqələri də gərək o sürətli inkişafla ayaqlaşsın. Yəni onunla bərabər getməyə qadir olsun”.

Daha sonra Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verildi. Tədbirdə çıxış edən Ulu Öndər türkiyəli qonaqları Azərbaycanda yarıdılan investisiya mühiti, iqtisadi sahədəki planlar və həyata keçirilən dəyişikliklər barədə məlumatlandırdı. Azərbaycan iqtisadiyyatının 1996-cı ildən başlayaraq ilbəil inkişaf etdiyini, 2003-cü il üçün böyük planlar olduğunu bildirərək Türkiyənin, türkiyəli iş adamlarının ölkəmizə investisiya qoyulmasına daha geniş cəlb olunmasının vacibliyini söylədi.

Sitat: “Biz öz inkişaf yolumuzun bir hissəsini xarici investisiyanın Azərbaycana cəlb olunmasında görürük. Bu barədə də çox işlər görmüşük, neft və qaz sektoruna böyük investisiyalar gəlibdir. 2002-ci ildə Azərbaycana 2 milyard dollar investisiya qoyulubdur. Razı olun ki, kiçik bir ölkəyə, cəmi 8 milyon əhalisi olan ölkəyə bir ildə 2 milyard dollar investisiya qoyulması, – bunun 1 milyard 700 milyon dolları xarici investisiyadır, 300 milyon dollar isə daxili investisiyadır, – böyük işdir. Ancaq bu da bizi qane etmir. İnvestisiya qoyulmasında biz Türkiyəni, türk iş adamlarını Azərbaycana daha çox cəlb etmək istəyirik”.

Kommersiya və ticarətin də çox mühüm sahələr olduğunu vurğulayan Prezident Heydər Əliyev dedi ki, bunları hər vasitə ilə irəli aparmaq lazımdır: “Cənab Ərdoğan doğru buyurdu ki, 300 milyon dollarlıq ticarət dövriyyəsi Türkiyə və Azərbaycan üçün o qədər də yararlı bir şey deyildir. Biz bunu artırmalıyıq. Amma eyni zamanda, gərək xarici investorlar Azərbaycanda istehsal sahələri yaratsınlar. Bizdə olan işsizlərə iş vermək lazımdır. Onlara iş verəndə, istehsal yarananda iş adamları qoyduqları sərmayələrdən bəhrə götürəcək, bizim adamlar da işlə təmin olunacaqlar. Güman edirəm, bu sahədə imkan çoxdur və biz bu imkanlardan da istifadə edəcəyik”.

Türkiyə ilə Azərbaycanın hər yerdə, o cümlədən beynəlxalq təşkilatlarda bir yerdə olduğunu təqdir edən Ulu Öndər daha sonra dedi: “Biz erməni lobbisinə qarşı bir yerdə mübarizə aparmışıq, bir yerdə də aparacağıq. Ermənilərin guya türklərin onlara qarşı soyqırım etmələri haqqında fikirlərinin biz həmişə əleyhinə çıxmışıq. Bizim Milli Məclis bu barədə Fransa parlamentinə etiraz göndərib, başqa bəyanatlar vermişik və bundan sonra da verəcəyik. Ermənilər Azərbaycanda azərbaycanlıları qırıblar, Türkiyədə türkləri qırıblar. İndi deyirlər ki, guya türklər erməniləri qırıb, soyqırım ediblər. Bu, doğru deyildir, yalandır”.

İyirmi il əvvəl səslənən bu fikirlər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına və perspektivlərinə dair baxışlarını aydın əks etdirir. Münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu Öndərin müstəsna xidmətləri olub. Onun vaxtilə səsləndirdiyi “Bir millət, iki dövlət” kəlamı hər iki ölkənin qardaşlıq şüarına çevrilib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə üçün yol xəritəsi və irəliyə aydın baxış fəlsəfəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

X X X

2003-cü ilin yanvarı, həmçinin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü ilə də yadda qaldı. Ulu Öndər Heydər Əliyev sammitdə iştirak etmək üçün yanvarın 28-29-da Kiyevdə səfərdə oldu. Orada Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü. Rusiya Federasiyasının Prezidenti V.Putin, Ukrayna Prezidenti L.Kuçma, Gürcüstan Prezidenti E.Şevardnadze, Ermənistan prezidenti R.Koçaryan ilə görüşlər keçirdi, ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, bu istiqamətdə səylərin artırılması və vasitəçilərdən gözləntilər əsas müzakirə mövzusu oldu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts