İsrailin Netaniya şəhərində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir təşkil edilib

Tokio, 26 dekabr , /AJMEDIA/

İsrailin Netaniya şəhərindəki Mərkəzi Kitabxanada müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, tədbirdə “Azİz”in İdarə Heyətinin üzvü Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və Bakının fəxri vətəndaşı, tanınmış mühəndis İsay Skvirski çıxış ediblər. İvrit dilində Azərbaycan xalqının dahi oğluna həsr olunmuş “Öndə gedən” kitabı və “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” ensiklopedik toplusu barədə geniş məlumat verilib, Azərbaycanla və Heydər Əliyevlə bağlı xatirələr bölüşülüb.

Bildirilib ki, ensiklopedik topluda Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda məsul vəzifələrdə çalışan, ölkənin mədəniyyətinə, təhsilinə, elminə, tibbinə, sənayesinə və xalq təsərrüfatının digər sahələrinə mühüm töhfələr verən yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının qısa tərcümeyi-halı verilib. Azərbaycanda bütün xalqların nümayəndələrinin, eləcə də yəhudilərin hər zaman bərabər hüquqlardan istifadə etdikləri, heç vaxt təzyiqlərə məruz qalmadıqları, azad şəkildə çalışdıqları diqqətə çatdırılıb. “Bu, böyük beynəlmiləlçi Heydər Əliyevin və onun əsasını qoyduğu tolerantlıq siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub”, – deyə Yeganə Salman vurğulayıb.

Dekabrın 24-də bütün Azərbaycan xalqının Prezident İlham Əliyevin doğum gününü təbrik etməsi xəbəri tədbir iştirakçılarının gur alqışları ilə qarşılanıb. “Öndə gedən” və “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” kitabları iştirakçılara hədiyyə edilib.

Bədii hissədə müğənnilər Leyla Vəkilova və Mayuel İsakovun ifasında Heydər Əliyevə və Azərbaycana həsr olunmuş mahnılar səsləndirilib.

Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərgi təşkil edilib.

Qeyd edək ki, tədbir iştirakçıları “Azİz” adından xüsusi müraciət imzalayaraq, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarı dəstəklədiklərini bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts