Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Seul şəhərində qeyd olunub

Tokio, 15 noyabr , /AJMEDIA/

Ölkəmizdə qeyd olunan “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində “Odlar Yurduna musiqili səyahət” adlı konsert keçirilib.

AJMEDIA xəbər verir ki, Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin, Koreya Beynəlxalq Mədəni Mübadilə Fondunun və Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində reallaşan konserti çıxış sözü ilə ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov açıb.

Səfir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Azərbaycan və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunduğunu və “Heydər Əliyev İli” çərçivəsində o cümlədən xarici ölkələrdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Ramin Həsənov Ulu Öndərin ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətini qeyd edib, Azərbaycanın onun uzaqgörənliyi və qətiyyəti sayəsində uğurlu inkişaf yolu keçdiyini vurğulayıb.

Səfir həmçinin bugünlərdə Azərbaycanda Zəfər Gününün qeyd olunduğunu bildirib və bu xüsusda, Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsindən bəhs edib.

Ramin Həsənov Azərbaycan muğamının özəlliyi, muğam sənətinin inkişafı və onun qlobal səviyyədə tanınması üçün görülən işlərdən danışıb. Bu xüsusda Azərbaycan muğam ustalarının və onların sənətini təşviq edən Heydər Əliyev Fondunun fəaliyyətini vurğulayıb.

Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə Əməkdar artistlər Toğrul Əsədullayev, Kamran Kərimov, həmçinin Rüstəm Müslümov və Səbinə Ərəblidən ibarət ansambl tərəfindən Azərbaycanın xalq və bəstəkar musiqisindən nümunələr ifa edilib. Həmçinin Sahib Paşazadə və tanınmış koreyalı pianoçu Ki-cin Kvo Azərbaycan və Koreya bəstəkarlarının əsərlərini səsləndiriblər.

Tədbirdə Cənubi Koreyanın mədəniyyət, elm, təhsil və ictimai-siyasi dairələrinin, kütləvi informasiya vasitələrinin, bu ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların təmsilçiləri, o cümlədən bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts