Pakistanın nüfuzlu ali təhsil ocağında Ulu Öndər Heydər Əliyevin adını daşıyan auditoriya açılıb

Tokio, 26 dekabr , /AJMEDIA/

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi tərəfindən bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev Auditoriyası yaradılıb.

AJMEDIA xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitarə Ayaz, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, ölkənin ictimaiyyət nümayəndələri, NUST-un rəhbərliyi və tələbələr, KİV və beyin mərkəzlərinin təmsilçiləri iştirak ediblər.

İştirakçılar əvvəlcə auditoriyanın girişində Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, habelə Pakistan İslam Respublikasına rəsmi səfərini əks etdirən Heydər Əliyev guşəsi ilə tanış olublar.

Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən, xidməti fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə gördüyü işlərdən danışıb və Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması uğrunda misilsiz xidmətini qeyd edib. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir iki qardaş ölkə arasındakı əlaqələrin inkişafının təməlinin məhz Ümummilli Lider tərəfindən qoyulduğunu vurğulayıb.

Heydər Əliyevin 1996-cı ildə Pakistana rəsmi səfərini xatırladan X.Fərhadov bu səfərin Azərbaycan-Pakistan əlaqələrinin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə Milli Elm və Texnologiya Universitetinin prorektoru Rizvan Riaz çıxış edərək, Azərbaycan-Pakistan səmimi münasibətlərindən söz açıb, bu universitetin artıq ADA və AzTU kimi Azərbaycan universitetləri ilə müvafiq memorandumlar imzalayaraq əməkdaşlıq etdiyini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts