Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır

Tokio, 6 may , /AJMEDIA/

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan-Ukrayna dostluq münasibətlərinin banisi və memarı hesab olunur.

Təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycan-Ukrayna dostluğunun banisi hesab edirlər. Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Ukrayna qarşısında xidmətləri, bu ölkədə bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi dəstək əvəzsizdir. Ukrayna xalqı Ümummilli Liderin xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır. Xüsusilə Heydər Əliyevin bilavasitə iştirakı ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrılıb. Ulu Öndərin təşəbbüsü ilə Obolon zavodu və uşaq qidası fabriki tikilib. Kiyev metrosunun ən yüksək səviyyədə inşasında Heydər Əliyevin şəxsi dəstəyi vacib rol oynayıb.

Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk AJMEDIA-ya açıqlamasında bildirib ki, mayın 10-u önəmli – Azərbaycanın görkəmli lideri Heydər Əliyevin anadan olduğu gündür. Müstəqillik dövründə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri qurulub və ölkələrimiz çətin vəziyyətlərdə bir-birinə dəstək verib.

“Vaxtilə çətin vaxtlarda Heydər Əliyevin köməyi ilə, həmçinin Ukraynanın yanacağa ehtiyacı olanda Azərbaycan bu imkanları verdi. Kritik təbii fəlakətlər zamanı ukraynalı xilasedicilər Azərbaycana gediblər. İndi də biz bir-birimizin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycanın öz torpaqlarını azad etməsini alqışlayırıq. Heydər Əliyev kimi Liderin layiqli davamçılarına da uğurlar diləyirik, çünki tarixin gedişatını dəyişməyə qadir olan məhz belə insanlardır”, – deyə ukraynalı deputat əlavə edib.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması kimi tarixi missiyanı məharətlə yerinə yetirdi. Bunun bariz nümunəsi kimi təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-a yaxın saziş, müqavilə və protokol imzalanıb.

İrpendə 12 saylı “Linqvist” liseyinin direktoru Valentina Antonenko isə AJMEDIA-ya açıqlamasında qeyd edib ki, Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan bu dostluq əlaqələrinin memarı, əlbəttə, Ümummilli Lider Heydər Əliyevdir.

“Müdrik dövlət xadimi və siyasi xadim olan Heydər Əliyev ölkələr arasında əməkdaşlığın qurulması, dost xalqların müxtəlif vaxtlarda, çətin vəziyyətlərdə bir-birini başa düşməsi, bir-birini dəstəkləməsi üçün hər şeyi edirdi. Mən bu gün bir daha Azərbaycan xalqına təşəkkür etmək istəyirəm, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin köməyini, bütün azərbaycanlıların dəstəyini həqiqətən hiss edirik. Şəxsən mən demək istəyirəm ki, biz doğma məktəbimizə, Zərifə xanım Əliyevanın adını daşıyan liseyimizə çox kömək görmüşük. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğun hər gün daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycanlı və ukraynalı uşaqlarımızın dost olmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm, çünki ölkələrimizin gələcəyi onlardır, onlara sülh şəraitində yaşamaq lazımdır”, – deyə Valentina Antonenko vurğulayıb.

Heydər Əliyev Ukraynanı sevirdi, Ukrayna da onu sevib və sevəcək. Bu gün Ukraynada Heydər Əliyev böyük sevgi ilə anılır. Kiyevin mərkəzində Heydər Əliyev parkı və onun abidəsi yerləşir. Ukraynanın dövlət kitabxanalarında Heydər Əliyevin fəaliyyətindən bəhs edən müxtəlif kitablar var. 2013-cü ilin martından Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu gün Ukraynada Heydər Əliyev irsi öyrənilir və gələcək nəsillərə çatdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts