HAQQIMIZDA

Əziz dostlar, hötmətli izləyicilər!
Yaponiyanın paytaxtı Tokioda fəaliyyət göstərəcək “ajmedia.jp” xəbərlər portalı adından hər birinizi salamlayırıq.
Portalla tanış olan hər bir kəs yəqin ki, ilkin olaraq onun fəaliyyətə başlamasının səbəb və məqsədi barədə düşünəcək. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Yaponiya arasında sıx dostluq münasibətlərinin formalaşdığını, bu gün həmin əlaqələrin demək olar ki, bütün sahələri əhatə etdiyini desək yəqin ki, yanılmarıq. Yaponiya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmaqla yanaşı, ölkəmizlə qısa zaman kəsiyində sıx dostluq münasibətləri quraraq, daim onun möhkəmlənməsini dəstəkləmiş və regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə yaxından iştirak etmişdir. Bu gün Azərbaycan ilə Yaponiya arasında çoxsaylı yüksək səviyyəli səfərlər həyata keçirilməklə yanaşı, parlamentlərarası dostluq qrupları, hökumətlər arası iqtisadi komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olması digər sahələrdə əlaqələrin inkişafına mühüm təsir edir. Bu, həm də qədim tarixə və zəngin mədəniyyətə malik xalqlarımızın daha da yaxınlaşmasına, bir-birini daha yaxından tanımasına şərait yaradır.
Belə olan şəraitdə Yaponiyada Azərbaycan və ölkəmizdə Yaponiya haqqında daha çox informasiyanın yayılması, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına dəstək, bir-birinin tarixi və mədəni köklərinin öyrənilməsi, dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün informasiya mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Fikrimizcə, xalqlarımız arasında yeni körpü rolunu oynayacaq xəbərlər portalının yaradılması da məhz bu amala xidmət məqsədi daşıyır.
Bununla yanaşı portalın yaradılması, Yaponiyada və ətraf ölkələrdə yaşayan azərbaycanlıların, həmçinin digər türkdilli xalqların əməkdaşlığının formalaşmasına və inkişafına hərtərəfli dəstək verilməsi, qədim türk mədəniyyətinin və müasir incəsənətinin təbliğinə hərtərəfli yardım göstərilməsinə xidmət edir. Düşünürük ki, yalnız təbliğatçı deyil, həm də təşkilatçı kimi çıxış edəcək portal Yaponiyada və ətraf ölkələrdə yaşayan soydaşlarımızın milli birliyini və həmrəyliyini gücləndirmək işinə də töhfələr verəcək. İctimai-siyasi fəallığı ilə tanınan soydaşlarımızı dəstəkləmək, onların gələcək inkişafına, cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə hərtərəfli dəstək vermək məqsədi də qarşıda duran vəzifələr sırasındadır. Ölkəmizi tanıtmaq məqsədilə irəli sürülən layihələrə informasiya dəstəyinin göstərilməsi, bu layihələrin daha çox insanı əhatə etməsi istiqamətində məqsədyönlü fəaliyyət də portalın məqsədlərindən biridir.
Portalın həyata keçiricəyi vəzifələr sırasında yalnız yapon dilində deyil, həmçinin ingilis dilində yayılan məlumatlarla bu regionda yaşayan ingilisdilli xalqların nümayəndələrini ölkəmiz barədə daha ətraflı məlumatlandırmaq, Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini, müasir inkişafını təbliğ etmək yolu ilə ölkəmizə daha çox turist axınına nail olmaq xüsusi yer turur. Onun vasitəsilə ölkəmizin daha geniş təbliği və təşviqi istiqamətində iş aparılması, Yaponiyada yaşayan digər türkdilli xalqların nümayəndələri arasında informasiya mübadiləsinin təşkilinə, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə dəstək vermək də gələcəkdə həyata keçirəcəyimiz vəzifələrdəndir.
Əziz izləyicilər, düşünürük ki, sizin dəstəyinizlə biz bu vəzifələrin öhdəsindən layiqincə gələcək, qarşıya qoyduğumuz məqsədi uğurla həyata keçirəcəyik. Bu işdə sizin hər birinizin portalımızın fəal oxucusuna çevrilməklə onun inkişafına yardım edəcəyinə böyük ümid bəsləyirik.