Qahirədə Azərbaycanın tanıtımı ilə bağlı tədbir təşkil olunub

Tokio, 19 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Qahirədə Azərbaycanın tanıtımı ilə bağlı tədbir təşkil olunub
Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycanın tanıtımı məqsədilə tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Cəmiyyət sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaqlara Misirlə Azərbaycan arasında mövcud mədəni əlaqələrin tarixi barədə məlumat verib. Sonra əl-Əzhər Universitetinin azərbaycanlı tələbələri Şeyxəli Nəsirov və Rahidə Nəsirli Azərbaycan haqqında hazırladıqları təqdimatla çıxış ediblər.

Təqdimat zamanı qeyd edilib ki, müxtəlif sivilizasiyaların qovşağı sayılan Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühiti mövcud olub, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Tədbir iştirakçılarına Azərbaycanın dövlət atributları, milli valyutası, ərazisi, həmçinin ölkəmizin güclü iqtisadiyyatı, zəngin yeraltı və yerüstü sərvətləri, təbiəti, tarixi abidələri, dünyaca məşhur müasir tikililəri, mətbəxi, qədim adət-ənənələri, milli rəqsləri, geyimləri və xalçaçılıq sənəti barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Azərbaycanın müxtəlif regionlarının təbii-coğrafi şəraiti, zəngin flora və faunası, qədim mədəniyyət beşiyi sayılan Şuşa şəhəri, Azərbaycanın dünyaca məşhur yazıçıları, alimləri, görkəmli siyasətçiləri haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Daha sonra Misir-Azərbaycan müasibətlərinə toxunularaq bildirilib ki, son dövrlər iki ölkə arasında dövlət və hökumət rəsmilərinin qarşılıqlı rəsmi səfərləri bu əlaqələrin yüksələn xətlə inkişaf etməsinin bariz nümunəsidir. Misirli general Midhət Camal tədbir təşkilatçılarına təşəkkürünü bildirib və qonaqları bu gözəl diyarı – Azərbaycanı ziyarət etməyə dəvət edib.

Yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, 10 xarici ölkənin təmsilçilərinin iştirak etdiyi tədbirin sonunda qonaqlara milli Azərbaycan şirniyyatları təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts