İndoneziyada prezident seçkilərində müdafiə naziri liderlik edir

Tokio, 14 fevral , /AJMEDIA/

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkədə keçirilən prezident seçkilərində 59,72 faiz səslə liderdir.

AJMEDIA xəbər verir ki, bunu “Indikator” sosiologiya mərkəzinin müxtəlif seçki məntəqələrindən götürülən nümunələr əsasında apardığı sürətli hesablamaları göstərir.

Sürətli hesablamaların nəticələrinə əsasən, Prabovo Subiantonun rəqibləri – Cakartanın sabiq qubernatoru Anyes Basvedan və Mərkəzi Yavanın sabiq qubernatoru Qancar Pranovo müvafiq olaraq 23,38 faiz və 16,9 faiz səs toplayır. Digər sosioloji mərkəzlərin apardığı hesablamalarda da oxşar nəticələr qeydə alınıb.

Səsvermənin rəsmi nəticələri sonra açıqlanacaq, belə ki, bütün səslərin hesablanması bir neçə həftə çəkə bilər.

Qeyd edək ki, 204 milyondan çox insanın səsvermə hüququna malik olduğu İndoneziyada keçirilən səsvermə dünyanın ən böyük birbaşa seçkiləri hesab olunur. 820 mindən çox seçki məntəqəsində təşkil olunan səsvermə nəticəsində qələbə qazanacaq prezident və vitse-prezident oktyabrda səlahiyyətlərinin icrasına başlayacaq.

Prabovo Subianto İndoneziya Milli Hərbi Akademiyasını bitirib. 1995-1998-ci illərdə Əlahiddə Ümumqoşunlara, 1998-ci ildə isə Quru Qoşunlarının Strateji Ehtiyat Qüvvələrinə komandanlıq edib. 2008-ci ildə Böyük İndoneziya Hərəkatını təsis edən Prabovo Subianto 2014 və 2019-cu illərdə prezidentliyə namizədliyini irəli sürsə də, hər iki seçkidə Coko Vidodoya məğlub olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts