Heydər Əliyev – Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi

Tokio, 22 iyun , /AJMEDIA/

Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə daim Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi olmuş, bu sahədə fəaliyyət göstərən ziyalılarımıza xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Mədəniyyətin insanların həyatında oynadığı mühüm rola diqqət çəkən Ulu öndər demişdir: “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Məhz buna görə də Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. İstər sovet dövründə, istərsə də müstəqillik illərində onun siyasətinin vacib tərkib hissələrindən biri də mədəniyyət, incəsənət və elm olmuşdur.
Sovet dövrünün məlum siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanın tarixini, mədəniyyətini, elmini və ədəbiyyatını tanıtmaq, görkəmli ziyalılarımızın şəxsiyyətini, yaradıcılığını yaşatmaq, dünyaya çatdırmaq, sözün əsl mənasında Azərbaycanı ən yüksək səviyyədə təbliğ etmək demək idi. Məhz həmin dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətdə və mədəniyyətin digər sahələrində xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təşviq və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Gərgin iş rejiminə baxmayaraq, Ümummilli lider yaradıcı ziyalıların qurultaylarında, Elmlər Akademiyasının konfranslarında iştirak edir, onun dərin və məzmunlu nitqi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanardı.
Ulu Öndər Azərbaycanın mədəni irs nümunələrinə, görkəmli mədəniyyət və incəsənət xadimlərinə və milli mədəniyyət müəssisələrinə xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, həmin şəxslər müxtəlif fəxri adlarlarla təltif olunurdular. Ulu öndər milli -mənəvi dəyərlərimizin qorunmasına, qədim tariximizin və zəngin mədəniyyətimizin gələcək nəsilləri ötürülməsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Görkəmli ziyalıların, elm və incəsənət xadimlərinin yubileyləri keçirilir, onların xatirə muzeyləri yaradılırdı. Bununla yanaşı Azərbaycanda çoxlu sayda kitabxanalar, teatrlar, muzeylər açılırdı. Əlbəttə ki, bu çox cəsarətli addım idi. Heydər Əliyevin şəxsi nüfuzu, ona olan hörmətin nəticəsi idi ki, Azərbaycanda belə mühüm və strateji layihələr həyata keçirilirdi.
Ümummilli lider deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Bizim böyük və dahi şairlərimiz, yazıçılarımız, mütəfəkkir adamlarımız, dünya mədəniyyətini zənginləşdirmiş insanlar, xalqımızın öz kökü, öz geni ilə böyük mədəniyyətə malik olduğunu sübut edir”.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mədəniyyətin və elmin ayrı-ayrı istiqamətləri üzrə inkişaf və yeni islahatlara başlanıldı. Onun rəhbərliyi ilə dövlətin elm və mədəniyyət siyasətinin hüquqi bazası yaradıldı. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. “Kitabi-Dədə Qorqud” dastanının 1300, dahi şair Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileylərinin UNESCO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi.
Ümummilli Lider Heydər Əliyevin Azərbayan elminin inkişafına, mədəniyyət və incəsənətə göstərdiyi böyük qayğı bu gün dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Buna misal olaraq mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin inkişafı, Azərbaycanın dünyaya təqdim etdiyi Bakı prosesi və digərlərini qeyd etmək olar. İşğaldan azad edilmiş Qarabağda və Zəngəzurda Azərbaycanın elmi, tarixi və mədəni irsinin yenidən bərpası bu nümunələrin sırasında xüsusi əhəmiyyət kəsb edir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts