Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin oktyabrı

Tokio, 17 may , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
1 oktyabr. Prezident Heydər Əliyev Rusiyanın “Lukoyl” neft şirkətinin Bakıdakı yeni ofisinin açılış mərasimində nitq söylədi.
3 oktyabr. Almaniyanın birləşməsinin ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak etdi.
7 oktyabr. ABŞ-ın “Motorolla” şirkətinin prezidenti Qreq Tomson və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
8 oktyabr. “Şərq-Qərb” üçüncü Bakı kinofestivalının iştirakçıları ilə görüşdü.
9 oktyabr. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.
10-15 oktyabr. Naxçıvan Muxtar Respublikasında səfərdə oldu.
16 oktyabr. İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
18 oktyabr. Azərbaycana işgüzar səfərə gəlmiş Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşdü.
26 oktyabr. ABŞ dövlət katibinin müavini Stroub Telbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
27 oktyabr. Azərbaycanda səfərdə olan Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşdü.
31 oktyabr. Türkiyəyə işgüzar səfərə yola düşdü.

X X X

Azərbaycan kinosunun istər 1970-1980-ci illərdəki inkişafı, istərsə də müstəqilliyin ilk illərində düşdüyü böhrandan çıxarılaraq dirçəldilməsi Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı ilə bağlıdır. Müstəqillik illərində həyata keçirilən tədbirlər milli kinonun inkişafı ilə yanaşı, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsinə də müsbət təsir göstərirdi. Bu baxımdan Azərbaycanda keçirilən kinofestivalları qeyd etmək yerinə düşər. Prezident Heydər Əliyev 1999-cu il oktyabrın 8-də “Şərq-Qərb” üçüncü Bakı kinofestivalının iştirakçıları ilə görüşündə Azərbaycan cəmiyyətinin kinoya göstərdiyi marağın məmnunluq doğurduğunu vurğuladı: “Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar çox şeyə dəlalət edir. Ona dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağı itirməyiblər. Bu həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən mənə çox xoşdur”.
Həmin görüşün iştirakçılarından biri olan rejissor Hocaqulu Narlıyevin (Türkmənistan) Azərbaycan kinosu haqqında söylədiyi fikirlər də diqqət çəkir: “Bu il mənə “Avrasiya” teleforumunda gənc Azərbaycan rejissoruna mükafat təqdim etmək şərəfi nəsib oldu. O, həmin mükafata Sizin gözəl həmyerliniz Rostropoviç haqqında gözəl film çəkdiyi üçün layiq görülmüşdür. Anapada yenicə başa çatmış festivalda sizin daha bir filminiz ssenariyə görə mükafat almışdır. Azərbaycan kinosu dünyada məşhurluq səviyyəsinə yenidən çıxır”.
1999-cu ilin oktyabrı Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi ilə əlamətdar oldu. Ulu Öndər oktyabrın 10-dan 15-dək keçirilən yubiley tədbirlərində iştirak etdi. Həmin günlərdə muxtar respublikada bir sıra mühüm hadisələr yaşandı: Həzrəti Zəhra məscidinin yeni binasının, Kazım Qarabəkir paşa məscidinin açılışları oldu. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusu, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının tədris korpusu, Cəlil Məmmədquluzadənin ev-muzeyi, akademik Zərifə Əliyeva adına poliklinika açıldı. Heydər Əliyev bu tədbirlərin hamısında iştirak etdi. Eləcə də Naxçıvan qarnizonunun “N” saylı hərbi hissəsinə baş çəkdi, muxtar respublikanın 75 illiyinə həsr olunmuş yubiley iclasında nitq söylədi. Atasının məzarını, Mömünə Xatun türbəsini ziyarət etdi.
Oktyabrın 11-də Naxçıvan qarnizonunun “N” saylı hərbi hissəsinə gələn Heydər Əliyev əsgər və zabitlərlə görüşdü, onlara vətənin müdafiəsi kimi bir peşəni seçdikləri üçün ehtiramını bildirdi. Azərbaycan dövlətini, xalqın təhlükəsizliyini, ölkəmizin torpaqlarını qorumağa qadir olan silahlı qüvvələrin mövcudluğunu son illər əldə etdiyimiz ən böyük nailiyyət kimi dəyərləndirdi. Ulu Öndər 1990-1991-ci illərdə Naxçıvanı Ermənistanın təcavüzündən qorumaq üçün həyata keçirilən tədbirləri, sovet ordusu diviziyasının şəxsi heyətinin Naxçıvandan necə çıxarıldığını xatırlatdı: “Mənim xatirimdədir, o vaxtlar – 90-91-ci illərdə, 92-ci ilin avqustuna qədər burada hələ sovet ordusunun hissələri yerləşirdi: 75-ci motoatıcı diviziya. Onun da bir alayı burada yerləşirdi. Mən o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq hələ Azərbaycanda, o cümlədən Naxçıvanda olan hərbi hissələrlə sıx əlaqə saxlayırdım. Çünki bunlar bizə lazım idi. Naxçıvanı Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bu əlaqələr, bu əməkdaşlıq bizə lazım idi. O vaxt da mən buraya gəlmişdim. O, sovet ordusunda ən yüksək göstəricilərə malik olan bir alay idi. 1992-ci ilin yayında, Azərbaycan dövlət müstəqilliyini artıq əldə edəndən sonra Azərbaycan ərazisindəki Rusiya qoşunları, yəni sovet ordusunun hissələri Rusiyanın sərəncamına keçmişdi. Rusiyanın hərbi hissələri Azərbaycanda ilk dəfə Naxçıvandan çıxarıldı. Biz öz əməkdaşlığımızla, apardığımız düzgün siyasətimizlə onlara anlatdıq ki, 75-ci diviziyanın Azərbaycanda qalmasına ehtiyac yoxdur. Onlarla danışıqlar apardıq və mənim danışıqlarım çox ciddi xarakter daşıyırdı. Mən o vaxt Moskvaya, Rusiyanın rəhbərliyinə də müraciət etdim, onlara da anlatdım ki, burada Rusiya diviziyasının qalması mümkün deyildir. Biz xoşluqla, razılıqla həmin diviziyanın, o cümlədən burada yerləşmiş hərbi hissənin şəxsi heyətini buradan çıxardıq. Ancaq nə cür çıxardıq? Danışdıq, buradan ancaq şəxsi heyət çıxdı, öz əşyaları ilə. Bütün silah-sursat, burada yaradılmış hərbi qurğular, diviziyanın burada olan bütün əmlakı Naxçıvan Muxtar Respublikasına təhvil verildi”.
Ulu Öndər muxtar respublikanın 75 illiyinə həsr edilmiş yubiley iclasında Naxçıvanın qədim dövlətçilik tarixindən bəhs edərək buna Atabəylər, Eldəgizlər dövlətini misal göstərdi. Qeyd etdi ki, 100 ildən artıq hökm sürmüş Atabəylər dövlətinin paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır.
Həmin günlərdə Naxçıvanda Kazım Qarabəkir Paşa məscidinin açılışı Azərbaycan-Türkiyə dostluğunun daha bir nümayişi oldu. Heydər Əliyev açılış mərasimindəki nitqində türk ordusunun, xüsusən Kazım Qarabəkir paşanın adının Azərbaycanda, ələlxüsus bu bölgədə məşhur olduğunu, həmişə böyük hörmətlə yad edildiyini vurğulayaraq tarixə qısa ekskurs etdi.
Sitat: Ermənilər buranı öz əllərinə keçirmək istəyirdilər. Ancaq Naxçıvan xalqı öz iradəsini göstərirdi. 1921-ci ildə Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli paşamız Kazım Qarabəkir paşanın imzası var.
Muxtar respublika üçün digər əlamətdar hadisə isə oktyabrın 13-də Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılışı oldu. Tədbirdə çıxış edən Heydər Əliyev filialın yaradılması səbəblərini açıqladı: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas torpağından Ermənistan ərazisi vasitəsilə ayrıdır, blokada şəraitində yaşayır. Amma mən bilirəm ki, hərbi peşəyə yiyələnmək, zabit olmaq istəyən gənclər Naxçıvanda həmişə çox olubdur. Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi…
Hərbi liseyin burada filialının yaradılması zərurəti bir də ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabitlik peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürsək, Naxçıvan xanları Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda 6 general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi.
Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksəkrütbəli çox dəyərli zabitlər çıxıbdır. General Akim Abbasov, yüksəkrütbəli bir çox zabitlər, Sovet İttifaqı qəhrəmanları Abbas Quliyev, Qəzənfər Əkbərov və başqaları. Demək, Naxçıvanda, bu xırda torpaqda tarixən hərbə, hərbi peşəyə çox yüksək həvəs olubdur. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.
Heydər Əliyev Azərbaycanın xarici siyasətində Türkiyə və digər qonşularla yanaşı, Avropa ölkələri ilə də ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirdi. Həmin ölkələrdən biri də Polşa idi. Hələ 1997-ci ilin avqustunda Prezident Heydər Əliyev Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdu. Səfər çərçivəsində Azərbaycan ilə Polşa arasında Dostluq və əməkdaşlıq haqqında bəyannamə və digər sənədlər imzalanmışdı. 1999-cu ilin oktyabrında isə Polşa Prezidentinin Azərbaycana ilk rəsmi səfəri oldu. Prezidentlərin birgə mətbuat konfransında Ulu Öndər bu səfəri yüksək qiymətləndirərək dedi: “Polşa Prezidenti cənab Aleksandr Kvasnevskinin rəsmi səfəri Azərbaycanın həyatında, Polşa-Azərbaycan münasibətlərində mühüm hadisədir. Mən bunu yüksək qiymətləndirir və hesab edirəm ki, bundan sonra biz daha iti sürətlə irəliləyəcəyik”.
Polşa Prezidentinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləyən Heydər Əliyev iki ölkə arasında sıx dostluq münasibətlərindən məmnunluğunu dilə gətirdi. Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk ölkələrdən birinin Polşa olduğunu vurğulayan Ulu Öndər ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, Azərbaycanı daim dəstəklədiyini diqqətə çatdırdı:
Sitat: 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur… Biz Polşa ilə Şimali Atlantika İttifaqı Şurasında, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında fəal əməkdaşlıq edirik. Polşanın nümunəsinin bizim üçün böyük əhəmiyyəti var. Biz onun təcrübəsini, əlbəttə, öyrənirik və mənə elə gəlir ki, bu məsələ barəsində gələcək məsləhətləşmələrimizin bizim üçün böyük əhəmiyyəti olacaqdır.
Qeyd olunan qarşılıqlı səfərlər, imzalanmış sənədlər iki dövlət arasında əlaqələrin daha da genişlənməsinə yol açdı. Zəngin ənənələrə malik olan Azərbaycan-Polşa münasibətləri sonrakı dövrdə də uğurla inkişaf edərək müxtəlif sahələri əhatə etdi

Follow us on social

Facebook Twitter Youtube

Related Posts