Ulu Öndərin 100 illiyinə həsr olunan respublika elmi-praktik konfransı keçirilib

Tokio, 3 noyabr , /AJMEDIA/

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunan respublika elmi-praktik konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev açıq elan edərək Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdən söz açıb, həmçinin elmi-praktik konfransın işinə uğurlar arzulayıb.

İştirakçı və qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi və Vətən müharibəsində qazanılan Böyük Qələbənin üçüncü ildönümünə həsr olunan videomateriallar nümayiş olunub.

Konfransda çıxış edənlər Heydər Əliyev və ordu quruculuğu, Ulu Öndərin əsasını qoyduğu müasir Azərbaycanın inkişaf strategiyası, təhsil, elm, iqtisadi və hərb sahəsindəki inkişaf dinamikası barəsində fikirləri iştirakçıların diqqətinə çatdırıblar.

Konfransda iqtisadi elmlər doktoru, professor Rasim Həsənov və milli təhlükəsizlik və hərbi-nəzəri elmlər doktoru, professor, polkovnik Bəbir Quliyevin moderatorluğu ilə “Cənubi Qafqazda təhlükəsizlik arxitekturası” və “Müasir mərhələdə hərb sənətinin inkişaf xüsusiyyətləri” mövzularında panel müzakirələr aparılıb.

Qeyd olunub ki, konfransın əsas məqsədi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.

Plenar iclasdan sonra respublika elmi-praktik konfransı dörd bölmə üzrə işini davam etdirib. İştirakçıların “geosiyasət və milli təhlükəsizlik”, “hərbi idarəetmə və hərb sənəti”, “hərbi texniki elmlər” və “hərbi humanitar elmlər” mövzularında maraqlı elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts