“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunub

Tokio, 17 Noyabr, /AJMEDIA/

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunub.

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət, Xarici İşlər nazirlikləri və Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil olunub.

Mədəniyyət Nazirliyindən AJMEDIA-ya bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin geniş təbliğini həyata keçirmək, azərbaycanlı və xarici yazarları müsabiqəyə cəlb etməklə Nizami dühası haqqında müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtlərinə görə, hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Əsərlər Azərbaycan, türk, ingilis və rus dillərində yazılmalıdır. Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) qeyd etməlidir. Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

Essenin həcmi 880 sözdən çox olmamalıdır. Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək. Birinci yerin qalibinə 2021, ikinci yerin sahibinə 1114, üçüncü yerin qalibinə isə 880 ABŞ dolları veriləcək.

Birinci yer eyni zamanda “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunacaq.

Müsabiqəyə esselərin qəbulu dekabrın 20-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts