Küveytdə Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib

Tokio, 11 dekabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin və Ərəb Media Forumunun (ƏMF) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Küveyt ictimaiyyətinin və bir sıra dövlət qurumlarının nümayəndələri, səfirliyin əməkdaşları və jurnalistlər iştirak ediblər.

Səfir Elxan Qəhrəman çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini və bu il ərzində UNESCO ilə yanaşı, ICESCO və TÜRKSOY təşkilatları çərçivəsində bir çox mədəni tədbirlərin təşkil olunduğunu bildirib. O qeyd edib ki, UNESCO 1991-ci ildə dahi şairin 850 illiyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan etmişdi.

Səfir diqqətə çatdırıb ki, Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub, nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və sair) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Həmçinin bu il dahi şairin əsərlərinin tərcüməsi, nəşri, təbliği və əlyazmalarının Azərbaycana gətirilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilib. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən tanınmış rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ingilis dilində nəşr olunub.

E.Qəhrəmanov qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyat festivalı çərçivəsində “Nizami Gəncəviyə məktub” adlı beynəlxalq ədəbi esse müsabiqəsi elan edilib, müsabiqə barədə səfirliyin saytında müvafiq məlumat yerləşdirilib. Səfirliyin təşəbbüsü ilə nəşr olunmuş və iştirakçılara təqdim olunan jurnal və kitabçalarda da Nizami Gəncəvi haqqında ərəb və ingilis dillərində məqalələrlə tanış olmaq mümkündür.

Tədbirdə ƏMF-in Baş katibi Madi Əl-Xəmisə xatirə hədiyyəsi təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts