Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” müsabiqə-festivalı keçiriləcək

Tokio, 24 noyabr , /AJMEDIA/

Noyabrın 25-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalına start veriləcək.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqə-festival respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənətyönümlü ümumi təhsil müəssisələri istisna olmaqla) şagirdləri arasında 11-14 və 15-17 yaş qrupları arasında keçirilir.
Festival “Xəmsə” musiqidə, “Xəmsə” bədii qiraətdə, “Xəmsə” dramda, “Xəmsə” təsviri və dekorativ-tətbiqi sənətdə, “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqəsi kimi istiqamətləri əhatə edir.
Müsabiqə-festival 3 mərhələ üzrə keçirilir:
Məktəb mərhələsi – noyabrın 25-dən dekabrın 5-dək bütün ümumtəhsil məktəblərində məktəb rəhbərliyinin əmri ilə yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Məktəb mərhələsində I yerin qalibi olmuş iştirakçılar rayon mərhələsinə vəsiqə qazanacaqlar.
Rayon mərhələsi – dekabrın 8-dən 12-dək regional təhsil idarələrinin əmri ilə rayonlarda yaradılmış təşkilat komitəsi və münsiflər heyəti tərəfindən keçirilir. Rayonlarda hər iki yaş qrupu və nominasiyalar üzrə I yerin qaliblərinin çıxışları onlayn formada zona mərhələsinə göndəriləcək.
Zona mərhələsi – dekabrda keçiriləcək. Zona mərhələsində hər iki yaş qrupu və nominasiyalar üzrə I yeri tutmuş iştirakçılar final mərhələsində iştirak üçün vəsiqə qazanacaqlar.
Regionlar üzrə I yerləri tutmuş qaliblər haqqında protokollar dekabrın 23-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ünvanına göndəriləcək.
Müsabiqələrin final mərhələsində I yerin qalibi olmuş iştirakçılar türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər.
Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” çərçivəsində keçirilən müsabiqələrdə I, II və III yerlərin qalibləri, münsiflər heyətinin sədri və üzvləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanı, qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
Müsabiqə-festival qaliblərinin iştirakı ilə yekun tədbir və sərgi 2023-cü il aprelin 27-də keçiriləcək.
Qeyd edək ki, müsabiqə-festivalın əsas məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, yaradıcılığına məhəbbət hissi oyatmaq, şairin doğma şəhəri qədim Gəncəni beynəlxalq aləmdə tanıtmaq, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaqdır. Həmçinin yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, eləcə də milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, dahi şairin əsərlərinə musiqi nümunələri yaratmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək də müsabiqə-festivalın məqsədləri sırasına daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts