İordaniya mətbuatında Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edilib

Tokio, 4 yanvar, /AJMEDIA/

İordaniyanın “Cohina”, “Əl Ənbat” və “Nəbd Əl Balad” qəzetlərində rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqinanın “Nizami Gəncəvi irsi İordaniya və Azərbaycanı daha da yaxınlaşdırdı” sərlövhəli məqaləsi dərc edilib.

AJMEDIA xəbər verir ki, məqalədə ötən il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Əmmanda silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, ölkənin ən nüfuzlu ali təhsil ocağı – İordaniya Universitetində keçirilən “Nizami Gəncəvi ərəblərin gözü ilə” mövzusunda simpozium bu baxımdan ən əlamətdar tədbir olub. Dahi şairin zəngin irsinin təbliği və alimlər, tələbələrin iştirakı ilə təqdim edilən mühazirələr bir daha göstərdi ki, bəşəriyyətə, o cümlədən İslam aləminə görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycanla İordaniya arasında sıx mədəni bağlar mövcuddur. Xüsusən, Nizami Gəncəvi haqqında müxtəlif ölkələrin ədəbiyyatşünaslarının tədqiqat əsərlərindən ibarət olan kitabın ərəb dilində nüsxəsinin təqdimatı İordaniya Universitetinin filologiya fakültəsinin müəllim və tələbə heyətinə gözəl bir hədiyyə oldu.

Y.Neduqina vurğulayıb ki, ötən il “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən beynəlxalq tədbirlər Prezident İlham Əliyevin dahi Azərbaycan şairinin zəngin irsinin təbliği ilə yanaşı, Şərq-İslam mədəniyyətinin bütün dünyada tanıdılması istiqamətində atdığı möhtəşəm humanitar addım oldu.

Məqalədə Nizami Gəncəvinin əsərləri, humanizmi, insanlar arasında bərabərliyi və qardaşlığı təbliğ edən dərin fəlsəfi fikirləri haqqında da ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts