Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın təqdimatı olub

Tokio, 15 aprel , /AJMEDIA/

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində (ÖDƏU) professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimat mərasimi olub.

AJMEDIA xəbər verir ki, AMM-nin dəstəyi ilə çap olunan kitabın təqdimat mərasimində Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Bakıdan gələn digər qonaqlar, bu ali məktəbin professor- müəllim heyəti, tələbələr iştirak ediblər.

Təqdimatı Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin kafedra müdiri, professor Nurbay Jabbarov açaraq “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın elmi dəyəri haqqında məlumat verib, son vaxtlar bu mövzuda yazılan qiymətli əsərlərdən biri kimi xarakterizə edib.

Universitetin prorektoru, professor Baxadur Abduşukurov deyib ki, 2021-ci ildə böyük şair Nizami Gəncəvinin 880 illiyi Azərbaycanda və dünyada yüksək səviyyədə qeyd olunub və belə tədbirlər davam edir. Ötən il böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Özbəkistanda, Azərbaycanda və dünya ölkələrində müxtəlif tədbirlər olub. Prorektor deyib ki, bu monoqrafiya Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşr etdiyi növbəti uğurlu kitabdır və bu münasibətlə Mədəniyyət Mərkəzinin rəhbərlərini təbrik edirəm.

AMM-nin direktoru Samir Abbasov Türk dünyasının iki dahi filosof şairi Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edib. S.Abbasov xarici ölkələrdə dahi Nizami Gəncəviyə dair daha çox elmi əsərlərin, tərcümə nəşrlərinin, məqalələrin yayımlanmasına ehtiyac olduğunu vurğulayaraq dahi mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvai irsinin tədqiqi, onların dərs proqramlarına, tədqiqat mövzularına daxil edilməsinin mühüm məsələ olduğunu qeyd edib.

S.Abbasov professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın yazdıqları monoqrafiyanın elmi dəyəri haqqında söhbət açıb, Mədəniyyət Mərkəzinin elan etdiyi müsabiqə çərçivəsində hazırlanmış bu monoqrafiyadan başqa elmi əsərlərin yazıldığını da qeyd edib.

Qənirə Paşayeva bildirib ki, mən bu gün çox şadam ki, Şərqin böyük mütəfəkkirləri İmam Buxari, İmam Maturidi, İmam Termezi, ustad Nəvai və yüzlərlə belə dahi yetişdirən torpaqdayıq. O deyib ki, həmin dövrdə Azərbaycanın dahi filosofları və şairləri bu ədiblərlə dostluq edib, elmi-fəlsəfi söhbətlərin iştirakçıları olublar. Q.Paşayeva sonrakı dövrlərdə də şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına böyük töhfə verib. Yazıçının “Mirzə Uluqbəy”, Manquberdi” dramları, “Daşkəndnamə” poeması məşhurdur.

Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.

Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində humanizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Monoqrafiyanın əhəmiyyəti haqqında danışan A.Marifli bildirib ki, Nizami Gəncəvi irsinin daha geniş təbliği məqsədi ilə Azərbaycanda hər il Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir və özbək nizamişünaslar bu mötəbər tədbirdə geniş heyətlə iştirak və məruzələr edirlər.

Nazirlik rəsmisi deyib ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurova “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə onlara təqdim edilib.

Alim Kərim Məmmədzadə və Azərbaycan Mədəniyyət Nazirliyinin Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov AMM-nin təşəbbüsü ilə çap olunan nəşrlərin əhəmiyyətindən, monoqrafiyanın elmi dəyərindən danışıblar.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnılarımızı, İlham Abdullayev isə sazda qədim el havalarını ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts