Dneprdə Nizami Gəncəvinin Ukrayna dilinə tərcümə edilmiş “Xəmsə” poemalar toplusunun və bədii albomunun təqdimatı olub

Tokio, 13 fevral, /AJMEDIA/

Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” poemalar toplusundan ibarət kitabın və bədii albomun təqdimat mərasimi keçirilib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ukraynadakı səfirliyi və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Dnepr Texniki Milli Universitetinin rektoru Oleksandr Azyukovski, DVAK-ın sədri Nəcəf Əhmədov diaspor üzvləri, soydaşlarımız, şəhərin fəalları iştirak ediblər.

Dnepr Texniki Milli Universitetinin nəzdində yaradılan Ukrayna-Azərbaycan Mədəniyyət və İş Mərkəzində təşkil olunan tədbirdən əvvəl universitetin rektoru ilə görüş keçirilib. Görüşdə bu cür beynəlxalq mədəni tədbirlərin keçirilməsinin xalqlar arasında körpünün yaradılmasına xidmət etdiyi vurğulanıb.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Nizami Gəncəvinin yaradıcılığı bütün dünya üçün tükənməz ədəbi xəzinədir. Bu mədəni xəzinə dünyada daim təbliğ edilməlidir. Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən böyük dəstək verildiyini və bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını xatırladan səfir Elmira Axundova vurğulayıb ki, TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Səfirliyin “Nizami Gəncəvi İli” çərçivəsində gördüyü işlərdən danışan Elmira Axundova deyib ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəl kompozisiyası ucaldılacaq.

“Nizami Gəncəvi bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir”, – deyə səfir əlavə edib.

Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov isə diqqətə çatdırıb ki, belə tədbirlərin ölkənin iri şəhərlərindən olan Dneprdə keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. O, bu cür tədbirlərin davamlı olacağını bildirib.

Tədbir zamanı TÜRKSOY tərəfindən Ukraynanın tanınmış azərbaycanlı heykəltəraşı, bu ölkənin Xalq rəssamı Katib Məmmədova və Ukrayna Prezidenti tərəfindən mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ölkənin ən yüksək dövlət mükafatı – Taras Şevçenko adına Milli Mükafata layiq görülmüş yeganə azərbaycanlı, yazıçı Qriqori Hüseynova “Nizami Gəncəvi” medalı təqdim olunub.

Sonra universitetin rektoru Aleksandr Azyukovskiy səfir Elmira Axundova, Düsen Kaseinov və Nəcəf Əhmədovu təşəkkürnamə ilə təltif edib.

Tədbirdə, eyni zamanda, Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresi tərəfindən mükafatlandırılıb.

Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə” epik şeirlər toplusundan ibarət kitab Azərbaycanın Ukraynadakı səfirliyi, bədii albom isə TÜRKSOY tərəfindən hazırlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts