Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb

Tokio, 9 Dekabr, /AJMEDIA/

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi: sələflər və xələflər – Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş elmi-nəzəri konfransın materialları toplu halında nəşr olunub.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan bildirilib. Topluda Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Nizami irsinin öyrənilməsinin əhəmiyyəti”, müəssisənin icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimovun “Səfəvilər dövrü Azərbaycan ədəbiyyatında Nizami təsiri”, filologiya elmləri doktoru, professor Kamandar Şərifovun “Nizaminin Misirdəki əlyazmaları” və digər əməkdaşların məruzələri yer alıb. Bununla yanaşı, topluda bir sıra nizamişünas tədqiqatçıların dahi şairin yaradıcılığına, onun fəlsəfi, elmi baxışlarına, humanist düşüncələrinə, əlyazma nüsxələrinə və s. dair araşdırmalarının nəticələrini əks etdirən tezislər də təqdim olunub.

Qeyd edək ki, konfrans materialları akademik Teymur Kərimlinin sədrlik etdiyi təşkilat komissiyasının yekun rəyi və Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Toplunu nəşrə hazırlayan institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts