Türkmənistan prezidenti ölkədə pambıq yığımının gedişindən narazıdır

Tokio, 26 oktyabr , /AJMEDIA/

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov aqrar-sənaye sektorunda vəziyyətin müzakirə edildiyi videokonfransda pambıq yığımının tempindən narazılığını bildirib.
AJMEDIA Türkmənistan mediasına istinadla xəbər verir ki, ölkənin bəzi rayonlarında “ağ qızıl” yığımının aşağı tempindən narazı qalan Sərdar Berdiməhəmmədov yerli hakimiyyət orqanlarından prosesin sürətləndirilməsini tələb edib. Prezidentin sözlərinə görə, ölkə iqtisadiyyatı üçün qiymətli xammal sayılan pambığın itkisiz toplanması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
“Kənd təsərrüfatı texnikalarının, qəbul məntəqələrinin, pambıqtəmizləmə müəssisələrinin fasiləsiz fəaliyyəti təmin edilməli və fermerlər üçün əlverişli şərait yaradılmalıdır”, – deyə Türkmənistanın dövlət başçısı vurğulayıb.
Türkmənistanda sentyabrın əvvəlində başlayan yığım kampaniyası dövründə 1,2 milyon ton pambıq toplanması nəzərdə tutulur. 2022-ci ildə ölkədə pambıq məhsulu üçün 580 min hektar sahə ayrılıb ki, bu da əvvəlki illə müqayisədə 40 min hektar azdır. Buna baxmayaraq, pambıq yığımı üzrə dövlət sifarişi ötənilki səviyyədə qalıb.
Hazırda Türkmənistanda yetişdirilən pambığın hamısı ölkə daxilində emal edilir ki, bu da dövlətə külli miqdarda gəlir və xarici valyuta gətirir. 2021-ci ildə ölkədə 1,25 milyon ton pambıq yığılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts