Naxçıvanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunub

Tokio, 19 iyul , /AJMEDIA/

Böyük Britaniyanın Rutland vilayətində iyulun 15-17-də Qlobal Quş Müşahidəçiliyi turizm sərgisində ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının ornitoloji turizm potensialı nümayiş etdirilib.
AJMEDIA xəbər verir ki, dünyanın 60-dan çox ölkəsinin 250-yə yaxın turizm şirkəti və təşkilatının qatıldığı sərgidə ölkələrin turizm potensialı və turizm məhsulları tanıdılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə seminar təşkil olunub. Seminarda muxtar respublikadakı biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında da məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan Quş Müşahidəçiliyi və turizm potensialını əks etdirən bukletlər, “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri”, “Naxçıvan təbiəti” albom-kataloq, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan Şərqin əfsanəsi” kitabları, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı” mineral suyu, muxtar respublikanın turizm potensialı ilə bağlı videoçarxlar sərgidə nümayiş etdirilib.
Sərgi zamanı xarici şirkətlərə Naxçıvan Muxtar Respublikası haqqında geniş məlumat verilib, buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına köməklik göstərilib.
Qeyd edək ki, 1988-ci ildən bəri keçirilən beynəlxalq sərgidə hər il Avropa, Asiya, Afrika və Amerikanın bir çox ölkələri iştirak edir. Bu il Azərbaycan ilk dəfə olaraq Qlobal Quş Müşahidəçiliyi sərgisində təmsil olunub. Sərgidə vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunub, muxtar respublikanın bu sahədə turizm potensialı təbliğ edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts