Azərbaycanla Venesuela arasında turizm körpüsü

Tokio, 30 noyabr , /AJMEDIA/

Azərbaycanlı turizmçilər Venesuelada “FITVEN 2022” turizm sərgisində iştirak edib.
AJMEDIA xəbər verir ki, tədbirdə 15 dövlətin səfiri, 9 diplomatik nümayəndəlik, 230 turoperator iştirak edib. Müxtəlif ölkələrdən olan hava yolları, hotellər, turizm şirkətləri də sərgiyə qoşulanlar sırasında olub.
Ölkəmizi təmsil edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov və jurnalist Rəhim Qədirov səfər zamanı bır sıra görüşlər keçirib, yerli turizm şirkətləri ilə bir sıra razılığa gəliblər.
Səfərin ilk günü Venesuela dövlət başçısı Nikolas Maduroya şəxsən ilk dəfə Azərbaycandan nümayəndə heyətinin sərgiyə qatılacağı barədə məlumat verilib. Ölkənin turizm naziri Ali Padron ilə bir neçə dəfə görüş baş tutub. 2023-cü ildə Azərbaycanı təmsil edən turizm şirkətlərinin Venesuelaya infoturunun təşkili barədə razılıq əldə olunub.
Əhməd Qurbanov sərgidə müxtəlif stendlərin qarşısında Azərbaycan haqqında ətraflı məlumat verdiyini söyləyib: “Sərgini ziyarət edərkən 5 müxtəlif hava yolları şirkətinin nümayəndələri ilə görüşdük. Birbaşa və ya İstanbul və Moskva üzərindən uçuşları müzakirə etdik. Ən əsası, Azərbaycan-Venesuela arasında çarter uçuşları barədə danışıqlar apardıq. Bundan əlavə 6 ölkənin Turizm nazirliklərini təmsil edən yüksək vəzifəli məmurlarla görüşdük. Kubanın Turizm Nazirinin müavini və Kuba Turoperatorları Assosiasiyasının sədri ilə 2023-cü ilə dair planları müzakirə etdik. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin növbəti il Kubaya səfərlərinə dair ilkin razılıq əldə olundu. Azərbaycan-İordaniya arasında turizm əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində müzakirələrimiz oldu. Hondurasa, Cənubi Afrika Respublikasına və Seneqala dəvət aldıq”.
Əhməd Qurbanov Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün həm hotellər, həm gediləcək yerlər, həm də Venesuelada fəaliyyət göstərən turoperatorlar barədə kifayət qədər məlumat topladığını, əlaqələr qurduğunu söyləyib.
“Sərgiyə ziyarətçi qismində gələn onlarla yerli insanla Azərbaycan barədə söhbətlər apardıq. Mətbəximizi, qonaqpərvərliyimizi və doğma Bakımızı göstərdik”, – deyə Əhməd Qurbanov əlavə edib.
Qeyd edək ki, “FITVEN 2022” turizm sərgisi Venesuelanın çimərliklərilə tanınan Anzoategi ştatında keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts