Gəncədəki körpülərdən birinə “Şuşa” adı verilib

Tokio, 17 yanvar, /AJMEDIA/

Gəncəçay çayı üzərindəki körpülərdən birinə “Şuşa” adı verilib. “Şuşa körpüsü” şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bir sıra tarixi mənbələrə əsasən, körpü 1843-cü ildə inşa edilib. Layihəsi çar ordusunun hərbi mühəndisi, “poruçik” A.Q.Çartenskiyə məxsusdur. Həmçinin Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü hesab olunur. Bəzi iddialar görə, tikili Şah Abbas tərəfindən salınan qədim körpünün yerində inşa edilib.

Körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Belə ki, 1804-cü ildə Gəncə çar Rusiyası tərəfindən işğal olunduqdan sonra şəhərə köçürülən ermənilər çayın sağ sahilində – indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar. 1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda, Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı mübarizəyə qalxır. Fürsətdən istifadə edən ermənilər körpü üzərindən şəhərə girməyə cəhd ediblər. Burada, körpünün üzərində qanlı döyüşlər gedib.

Sözügedən tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də öz əksini tapıb. Əsərin baş qəhrəmanı Əlixan Şirvanşirin düşmənlə son döyüşü məhz burada olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts