“Şuşa İli”nə yeni töhfə – “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə”

Tokio, 8 oktyabr , /AJMEDIA/

“Şuşa İli”ndə çox kitablar yazıldı və yazılacaq da. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da Şuşanın tanınan simalarının ömür tarixlərini kitablaşdırmağa çalışıb. Onun həmmüəllif olduğu yeni kitab bu mənada olduqca maraqlıdır. Belə ki, Qənirə xanım bu yurdun tanınmış iki xanım şairəsinin -Xurşidbanu Natəvan və Fatimə xanım Kəminənin ömür yolunu və yaradıcılığını geniş və müasir yanaşmada yenidən oxucuya təqdim etməyi özünə borc bilib. Kitabına da çox maraqlı bir ad seçib. Onları bu coğrafiyada doğan günəşə və aya bənzədib, hər ikisində işıq var, özü də sönməyən əbədi işıq.
AJMEDIA xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli həmmüəllifi olduqları “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabını, həm də “Şuşa İli”nə yeni bir töhfə də adlandırmaq olar.
Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə silsilə tədbirlər keçirilir, şairənin ədəbi irsinə yenidən nəzər salınır və bədii yaradıcılığı geniş şəkildə təbliğ edilir. Sevindirici haldır ki, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın yubiley tədbirləri həm də şairənin doğulub boya-başa çatdığı, özünə əbədi məskən bildiyi doğma, azad Şuşamızda qeyd edilir. Belə bir ərəfədə ərsəyə gələn kitab da bir növ Natəvan yaradıcılığına, irsinə yeni yanaşma, yeni baxış sərgiləyir.
Kitabın birinci bölümündə “Şuşadan türk dünyasına: Xurşidbanu Natəvan”, “Natəvanın həyatı və ictimai fəaliyyəti”, “Natəvanın ədəbi yaradıcılığı və dünyagörüşü” sərlövhəli yazılarda şairin yaradıcılığı geniş şəkildə işıqlandırılıb.
Kitabın ikinci bölümü isə şairə Fatimə Kəminəyə həsr edilib. Bu bölümdə də “Şuşadan türk dünyasına: Mirzə Fatimə Kəminə”, “Mirzə Fatimə Kəminənin həyatı”, “Mirzə Fatimə Kəminənin ədəbi yaradıcılığı və dünyagörüşü” sərlövhəli yazılar yer alıb.
Qeyd edək ki, XIX əsrdə Azərbaycanda, Şuşa şəhərində doğulmuş, burada yaşamış və əsərlər yazmış qadın şair və ədiblər arasında yer alan Fatimə xanım Kəminə dövrünün məşhur simalarından biri olub, sadəcə Qarabağ bölgəsində deyil, bütün Azərbaycanda, hətta ölkə hüdudlarından da kənarda tanınıb. Fatimə xanım Kəminə yaşadığı dövrə görə olduqca dünyagörüşlü ədiblərdən olub. Onun yenilikçi və eyni zamanda mənəvi cəhətdən güclü şeirlərində Azərbaycan qadınının arzuları, istəkləri ilə birlikdə, insan həyatına və dünyaya ictimai-fəlsəfi baxışları da yer alıb.
“Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri ilə yanaşı, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb. Türkiyə türkcəsində nəşr olunan kitabda Şuşada dünyaya göz açan hər iki şairin həyat və fəaliyyəti barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat verilir.
İnanırıq ki, müəlliflərin bu yeni kitabı da əvvəlki araşdırmaları kimi böyük oxucu marağına səbəb olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts