“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

Tokio, 22 noyabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşanın qədim məişət əşyaları haqqındadır.
Şuşada XX əsrin əvvəllərinə qədər mis qablardan geniş istifadə olunurdu. Bu qablar öz formasının gözəlliyi, adətən, bütün səthini örtən zərif və yüksək zövqlü bədii naxışları ilə insanı valeh edirdi. Onlarda ustanın adına və hazırlanma tarixinə, həmçinin də sifarişçinin adına tez-tez rast gəlinirdi. Görünüşünə görə o məişətdə işlənməsi islam dini tərəfindən qadağan olunmuş gümüş qaba çox oxşayır, qiymətinə görə isə əhalinin bütün təbəqələri üçün əlverişli idi. Mis asanlıqla oksidləşdiyinə görə bu cür qabdan istifadə edilməsi zəhərlənməyə gətirib çıxa bilərdi. Bu səbəbdən məişətdə istifadə edilən mis qablar qalaylanırdı. Qalaylama və mis qab hazırlanma emalatxanaları demək olar ki, Şuşanın bütün məhəllələrində var idi.
Şuşalıların evlərində bürünc və tunc qablar da işlədilirdi. Bu qablar qalaylı mis qablardan xeyli baha idi və varlı ailələrdə istifadə olunurdu. Yerli ustaların hazırladıqları cürbəcür camları və piyalələri, adi çaydanları, həvəngdəstələri və sürmə qablarını hər evdə tapmaq mümkün idi.
Şuşalılar məişətdə gil, saxsı və çini qablardan da istifadə etmişdilər. Şuşanın ətrafında dulusçuluq lap qədimlərdən inkişaf etmişdi. Gil qablardan və gil qab-qacaqdan Şuşada əsasən ərzaq saxlamaq üçün istifadə edilirdi. Burada sənətşünasların “qubalı” adlandırdığı şirli qablar da istifadə edilirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts