“Şuşa İli” çərçivəsində AMEA-da mühüm araşdırmalar aparılıb

Tokio, 15 dekabr , /AJMEDIA/

Dekabrın 15-də AMEA-da “Akademiyanın Şuşanaməsi: Ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AJMEDIA xəbər verir ki, konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının rəsm əsərləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2021-2022-ci il ərzində çap edilmiş kitablar, broşürlər nümayiş olunub.
Tədbirdə son illərdə AMEA-da aparılan tədqiqatlar, ölkədə və xaricdə Şuşaya, Qarabağa aid çap edilmiş nəşrlər, məqalələr barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın çoxəsrlik tarixinin şanlı səhifəsidir. Ölkə rəhbərinin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən, AMEA-nın elmi müəssisələrində Şuşa, Qarabağ və Şərqi Zəngəzurla bağlı genişmiqyaslı tədqiqatlar aparılıb. Konfransın məqsədi də azərbaycanlı alimlərin son illərdə bu istiqamətdə apardıqları ən mühüm tədqiqatların nəticələrini ictimaiyyətə çatdırmaqdır.
Diqqətə çatdırılıb ki, “Şuşa İli” çərçivəsində AMEA-nın humanitar və ictimai elmlər bölmələri tərəfindən 190-a yaxın kitab (6-sı xarici dildə) çap olunub, azərbaycanlı alimlərin 11 ölkədə 400-dən çox məqaləsi işıq üzü görüb. Otuz il ərzində tədqiqatlardan kənar qalmış Qarabağın tarixi, folkloru, etnoqrafiyası, coğrafiyası, toponomiyası, iqlim xüsusiyyətləri, seysmoloji aktivliyi ilə bağlı AMEA-da mühüm araşdırmalar aparılıb və çap olunmuş əsərlər 70 səhifəlik biblioqrafik göstəricidə əksini tapıb.
Konfransda “Şuşa Azərbaycanın musiqi məbədidir”, “Şuşa – siyasi mərkəzdən mədəniyyət paytaxtına (tarixi yolun əsas mərhələləri)”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatın diskursu”, “Qarabağ və Şərqi Zəngəzur rayonlarının dilçilik coğrafiyası üsulu ilə tədqiqi” mövzusunda məruzələr dinlənilib.
Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts