Şirvanda “Zəfərin mübarək, Vətən!” adlı film nümayiş olunub

Tokio, 2 noyabr , /AJMEDIA/

Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, YAP Şirvan şəhər təşkilatının məsul əməkdaşları, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri, şəhid ailələri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, tədbir iştirakçıları öncə Şirvan şəhər Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül-çiçək dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.
Sonra tədbir Şirvan şəhər Heydər Əliyev Mərkəzində davam edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov tədbiri açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin parlaq səhifələri haqqında məlumat verib. O, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya mətinliyini, mübarizliyini nümayiş etdirdiyini vurğulayıb. Ölkə başçısının yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də qələbə çaldığını qeyd edib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Hacı Vasif çıxışlarında Vətən müharibəsi qəhrəmanlarının şücaətindən, şəhid adının müqəddəsliyindən bəhs ediblər. Zəfər Gününün dövlət səviyyəsində təntənə ilə qeyd edilməsinin şəhid ruhlarına ehtiramın bariz nümunəsi olduğu vurğulanıb.
Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 8 Noyabr – Zəfər Günü, eləcə də Vətən müharibəsində şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə hazırladığı “Zəfərin mübarək, Vətən!” adlı videoçarx nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts