“AGERPRES” agentliyi dahi Azərbaycan şairi Molla Pənah Vaqif barədə məqalə yayıb

Tokio, 2 avqust , /AJMEDIA/

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Vaqif – Azərbaycanın XVIII əsr şairi, siyasi və ictimai xadimi” sərlövhəli məqaləsini dərc edib.
AJMEDIA xəbər verir ki, məqalədə görkəmli Azərbaycan şairi, ictimai və dövlət xadimi Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs olunur. Şairin Azərbaycan poeziyasındakı mövqeyi, yaradıcılığının müxtəlif aspektlərdən təhlili ilə yanaşı, ədəbi irsinin nəşri və tədqiqi tarixinə, ədəbiyyatda bədii obrazına və Azərbaycan ədəbi dilinin formalaşmasındakı roluna da toxunulur.
Vaqifin bənzərsiz poeziya nümunələrini meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verdiyini qeyd edən səfir Azərbaycan şeirinin Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Diplomat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə, bütövlükdə dövlət səviyyəsində Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərin və qiymətin bariz nümunəsi, parlaq ifadəsidir.
Yazıda Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də təntənəli açılışı olan Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin şəhər işğal olunduqdan sonra erməni silahlıları tərəfindən vandalizmə məruz qaldığı və dağıdıldığı diqqətə çatdırılır.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günlərinin yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirildiyi vurğulanır.
Qeyd olunub ki, müharibədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən məqbərə bərpa olunub.
Eyni zamanda, qeyd olunub ki, 2021-ci il avqustun 30-da məqbərənin önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə kimi yadda qalıb.
Həmçinin 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinin qeyd edilməsi və onun adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na salınması bu qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü olduğu vurğulanıb.
Yazıda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə bu il iyulun 14-15-də Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilib.
Sonda diplomat qeyd edir ki, işğal illərində xarabalığa çevrilən Şuşa şəhəri indi ikinci baharını yaşayır. Şəhərin infrastrukturu, tarixi mərkəzi, tikililər, küçələr, milli və dini əhəmiyyətli obyektlər bərpa olunur, bütün bunlar böyük şair Vaqifin ruhunu şad edir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts