“Şuşa İli”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib

Tokio, 25 noyabr , /AJMEDIA/

“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Şuşa İli”nə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” adlı tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Mərkəzin inzibati binasında Şuşa şəhərinin tarixi memarlıq abidələrinin əks olunduğu rəsm sərgisi nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Şuşanın keçmişi və bu günü haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olaraq Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin yanvar ayının 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək alınmaz qala hesab olunan Şuşanı işğalçılardan azad edib Şuşada Azərbaycan bayrağını ucaltdılar. Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Tədbirin bədii hissəsində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin dərnək üzvlərinin ifasında Vətənimizə, millətimizə və Zəfərimizə dair bir-birindən maraqlı şeirlər səsləndirilib, milli – mənəvi dəyərlərimizi, eyni zamanda, Azərbaycan Türkiyə qardaşlığını əks etdirən mahnılar və rəqslər ifa edilib.
RİH başçısı Vasif İmanov “Şuşa İli”ndə Şuşanın adına layiq, uşaqların və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaşlıq məsuliyyətinin diqqət mərkəzində olması məqsədilə belə bir tədbirin keçirilməsinin rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts