“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı”: Şuşanın tarixi küçələri

Tokio, 29 oktyabr , /AJMEDIA/

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihənin növbəti təqdimatı Şuşa şəhərinin tarixi küçələrinə həsr olunur.
Şuşanın küçələri çox şairanə, dolanbac, dimdik, enişli-yoxuşlu, girintili-çıxıntılı, çox döngəli idi. Şuşanın küçələrinin səkiləri böyük, düzbucaqlı daşlarla örtülmüşdü. Kü¬çələrə böyük çay daşları döşənmişdi.
Özünəməxsus memarlıq üslubu ilə seçilən qədim Şuşanın 3 əsas küçəsi olub: “Rastabazar” küçəsi, “Şeytanbazar” küçəsi və “Aşağı bazar” küçəsi.
Şəhərin baş küçəsi, həmçinin XIX əsrin II yarısından etibarən əsas ticarət mərkəzi olan “Rastabazar”dır (“rast” fars dilində “hamar”, “düz” deməkdir). Bu küçə xanın iqamətgahını və onun qarşısında olan “Bazarbaşı”nı “Meydan”la, oradan “Şeytanbazar”la və “Aşağı bazar” vasitəsilə “Aşağı meydan”la birləşdirirdi.
“Şeytanbazar” adlanan küçə Şuşa şəhərinin mərkəzində yerləşməklə “Meydan”dan başlayan və “Rastabazar” küçəsinin davamı olan tarixi küçədir.
“Aşağı bazar” adlanan küçə isə Şuşanın mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. “Aşağı bazar” və “Rastabazar” küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan “Meydan” formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan “Aşağı bazar” küçəsi “Aşağı meydan” və “Meydan”ı birləşdirir. “Aşağı bazar” küçəsində tacir dükanları, karvansaralar, hamamlar, xüsusən də Uğurlu bəyin hamamı və Mirzə Əli Qazinin hamamı yerləşirdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts