Mərkəzi Elmi Kitabxanada “Qarabağ-Şuşa” kitabının təqdimatı olub

Tokio, 27 oktyabr , /AJMEDIA/

AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) “Şuşa İli” çərçivəsində tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun “Qarabağ-Şuşa” kitabının təqdimatı olub.
Bu barədə AJMEDIA-ya MEK-dən məlumat verilib. Bildirilib ki, tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev açaraq Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən Şuşa erməni işğalından azad edildi və bu gün şəhərin tarixi simasının bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Direktor diqqətə çatdırıb ki, doqquz kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov ərsəyə gətirdiyi növbəti kitabında da ermənilərin dağıdıcı fəaliyyətlərini tarixi dəlillərlə sübuta yetirməyə çalışıb. Onun “Qarabağ-Şuşa” kitabında Şuşanın daxilində və ətrafında mövcud olan yer adları və başqa tarixi hadisələr şərh olunur, bu torpağın yetirdiyi tarixi şəxsiyyətlər hərtərəfli araşdırılır. Baş direktor MEK-in ərsəyə gətirdiyi “Şuşa-270” adlı biblioqrafik göstəricinin də məhz “Şuşa İli”nə töhfə olduğunu diqqətə çatdırıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşanın tanınmış ziyalılarından söz açıb, şəhərin inkişafında böyük töhfəsi olan nəslin nümayəndələrindən birinin də Yunis Hüseynov olduğunu vurğulayıb. O, Azərbaycanın əzəli torpağına həsr olunmuş bu kitabı yüksək qiymətləndirib.
Kitabın redaktoru tarix elmləri doktoru, professor Zabil Bayramlı bildirib ki, müəllif əsərdə Qarabağın təbii-coğrafi mövqeyindən başlayaraq, dövrümüzə qədər əyalətin tarixini araşdırıb, adət və ənənələrini, inkişaf mərhələlərini, müstəqil Qarabağ xanlığının yaranmasını, onun siyasi-iqtisadi, mədəni və sosial məsələlərini bir daha diqqətə çatdırıb. Vurğulanıb ki, bu baxımdan əsər dəyərli elmi mənbədir.
Təqdimat mərasimində Şuşa ziyalıları çıxış edərək dərc olunmuş kitab haqqında fikirlərini bölüşüb, tükənməz yaradıcılıq enerjisinə sahib Yunis Hüseynova gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Yunis Hüseynov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və yeni nəşri kitabxanaya hədiyyə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts