Yaponiyanın xarici işlər naziri ABŞ və Cənubi koreyalı həmkarları ilə Şimali Koreya məsələsini müzakirə edib

Tokio, 23 Sentyabr, /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Nyu-Yorkda keçirilən üçtərəfli görüş zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Çon Iy Yon ilə Şimali Koreyanın nüvə silahının ləğvi məsələsini müzakirə edib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, tərəflər Şimali Koreyanın nüvə silahının tamamilə ləğv olunması üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər. Bununla yanaşı görüşdə bir sıra beynəlxalq məsələlərin, o cümlədən Myanmada vəziyyətin müzakirə edildiyi də bildirilir.

Müzakirələrdən sonra T. Moteqi jurnalistlərə bildirib ki, Şimali Koreyanın son raket sınaqlarını nəzərə alaraq, görüş tam vaxtında keçirilib.

Görüşdən əvvəl T.Moteqi ilə E.Blinkenin ikitərəfli müzakirələr apardığı da qeyd edilir. Həmin görüşdə Yaponiya tərəfinin ABŞ-a Trans-Sakit okean Tərəfdaşlığı (TPP) barədə razılaşmaya qayıtmağı təklif etdiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 15-də Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket buraxıb və həmin raketlər Yaponiyanın müstəsna iqtisadi zonasına düşüb. Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) məlumatına görə raketlər Şimali Koreyanın yeni dəmir yolu alayı tərəfindən buraxılıb. Cənubi Koreya silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin məlumatına görə, raketlər təqribən 60 kilometr hündürlükdə 800 kilometr məsafə qət edib.

Bundan iki gün əvvəl Şimali Koreya sentyabrın 11-də və 12-də iki qanadlı raket sınağının uğurla tamamlanması barədə məlumat yayıb. KMTA-nın məlumatına görə, həmin raketlər 1500 kilometr məsafəni qət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts