Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb

Tokio, 1 may , /AJMEDIA/

Çinin üçüncü təyyarədaşıyan gəmisi olan “Fucien” mayın 1-də Şanxaydakı Ciannan gəmiqayırma zavodundan ilk səfərinə başlayıb.

AJMEDIA xəbər verir ki, ilk səyahət zamanı yeni nəsil təyyarədaşıyan gəmidə bir neçə parametr üzrə sınaqlar aparılacaq. 2022-ci ildə inşası başa çatan gəmidə aparılmış texniki yoxlamalardan sonra onun dəniz səfərinə çıxmasına icazə verilib.

Su tutumu 80 min ton olan “Fucien” Asiyada ən iri, dünyada isə ABŞ təyyarədaşıyanlarından sonra ən böyük hərbi gəmidir.

Uzunluğu 300 metr olan gəmi sabitqanadlı təyyarələri havaya qaldırmaq üçün elektromaqnit işəsalma və katapult sistemləri ilə təchiz olunub. Bu amil “Fucein”i Çinin digər iki təyyarədaşıyan gəmisindən daha çox döyüşqabiliyyətli edir.

Qeyd edək ki, Çin ordusunun istismarında “Fucien”dən başqa “Liaonin” və “Şandon” adlı iki təyyarədaşıyan gəmi də var. “Liaonin” keçmiş sovet hərbi dəniz qüvvələrinin “Varyaq” gəmisidir. Çin həmin gəmini yenilədikdən sonra 2012-ci ildə istismara verib. Tamamilə yerli istehsal olan “Şandon” təyyarədaşıyan gəmisi isə 2019-cu ildə silahlı qüvvələrin istifadəsinə verilib. Hər iki gəminin su basımı təxminən 50 min tondur.

Çin 2035-ci ilədək ən azı altı hərbi təyyarədaşıyan gəmiyə sahib olmağı hədəfləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts