Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin iyulu

Tokio, 4 avqust , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 iyul. Prezident Heydər Əliyev ABŞ Ticarət Palatası İdarə Heyətinin üzvləri ilə görüşdü.

4 iyul. ABŞ-ın İstiqlaliyyət Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış etdi.
6 iyul. Görkəmli elm, mədəniyyət, tibb və idman xadimlərinin bir qrupuna “İstiqlal” və “Şöhrət” ordenlərinin təqdimetmə mərasimində nitq söylədi.
7 iyul. Sumqayıtdakı etilen-polietilen zavodunda buxar-generator qurğusunun istifadəyə verilməsi mərasimində iştirak etdi.
11 iyul. Latviyanın xarici işlər naziri İndulis Berzinş ilə görüşdü.
12 iyul. Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matuşda Da Qamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
14 iyul. Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Yohannes Linnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
15 iyul. “Zuğulba” dövlət iqamətgahında xarici KİV rəhbərlərini qeyri-rəsmi şəraitdə qəbul etdi.
21 iyul. Təhlükəsizlik Şurasının iclasında nitq söylədi.
23 iyul. Almaniyanın Azərbaycandakı səfiri Kristian Zibeki qəbul etdi.
26 iyul. ABŞ Dövlət katibinin Xəzər hövzəsinin enerji məsələləri üzrə müşaviri Stiven Mən ilə görüşdü.

X X X

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə elm, mədəniyyət, tibb və idman xadimlərinin fəaliyyətinə geniş imkanlar yaradır, onların işini yüksək qiymətləndirir və mükafatlandırırdı. 2001-ci il iyulun 6–da görkəmli elm, mədəniyyət, tibb və idman xadimlərinin bir qrupuna “İstiqlal” və “Şöhrət” ordenlərinin təqdimetmə mərasimi keçirildi. Ümummilli Liderin dediyi kimi, mərasimdə tam səmimi və bəlkə də, qeyri-rəsmi, sadə bir əhval-ruhiyyə hökm sürürdü. Bunun səbəbini Ulu Öndər belə izah etdi: “Azərbaycanın Prezidenti olaraq mən, eyni zamanda, heç Prezident olmasam da, hələ gənc vaxtlarımdan elmə, mədəniyyətə, təhsilə həmişə yüksək qiymət vermişəm. Keçmişdə Azərbaycanda işlədiyim illərdə, yaxud Sovetlər Birliyinin rəhbərliyində olduğum dövrdə və indi son səkkiz ildə Azərbaycanın Prezidenti vəzifəsini daşıyaraq, mən bu sahəni həmişə özüm üçün öncül sahə, yəni xüsusi əhəmiyyət kəsb edən sahə hesab etmişəm. Ona görə də məni bu gün buradakı görüş, aldığınız mükafatlar sizi nə qədər sevindirirsə, – mən mükafat almıram, – sizinlə görüşmək, sizi yenidən belə yaxından görmək, sizinlə danışmaq, söhbət etmək, hətta zarafat etmək məni də sevindirir”.
Ümummilli Lider böyük xidmətlər göstərmiş, öz sahəsində xalqın inkişafına töhfələr vermiş, eyni zamanda, neçə-neçə gənc mütəxəssis yetişdirmiş yaradıcı insanların əməyini xüsusilə qiymətləndirirdi. Həmin görüşdə Ulu Öndər bu xüsusda fikirlərini dilə gətirdi.
Sitat: Sizin hər biriniz – görürəm ki, burada 80 yaşında da, 70 yaşında da olan adamlar var, aşağı yaşda olanları demirəm, 50 yaşında bir neçə nəfər var, qalanların hamısı bundan artıq yaşdadır, – siz nə qədər yol keçmisiniz. Hər birinizin arxanızda xidmətiniz durur… Sizin hər biriniz öz işinizdə şəxsiyyətsiniz. Hər biriniz öz yaradıcılığınızla, öz elmi əsərlərinizlə, fəaliyyətinizlə yüzlərlə, minlərlə insana fayda vermisiniz. Bu gün də verirsiniz, gələcəkdə də fayda verəcəksiniz. Ona görə də bu gün istərdim, sizə xüsusi çatdırım ki, – görürəm, bəzilərinə oturmaq çətindir, bəzilərinə hərəkət etmək çətindir – mən nə qədər sevinirəm ki, bu insanlar hələ yaşayır. Sevinirəm, çünki mənə müyəssər olubdur ki, bu insanların gördüyü işləri qiymətləndirim, onları təltif edim və bu ordenləri şəxsən onların özlərinə təqdim edim.
Prezident Heydər Əliyevin fəaliyyətində bir nömrəli məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ulu Öndər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yorulmadan çalışır, eyni zamanda, beynəlxalq təşkilatların bu sahədə passivliyini sərt tənqid edirdi.
2001-ci ilin iyulunda Portuqaliyanın xarici işlər naziri Joze Jaymi Matuş Da Qama, eyni zamanda, növbəti ildə ATƏT-ə sədrlik edəcək dövlətin nümayəndəsi kimi Azərbaycanda səfərdə oldu. Portuqaliyalı naziri qəbul edən Ulu Öndər onun bu səfərinin əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, tənqidi fikirlərini də söylədi. Lissabon sammitindən beş il keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həllini tapmadığını vurğulayan Heydər Əliyev ATƏT-ə sədrlik edəcək dövlətin bu məsələ ilə məşğul olmasının vacibliyini, bu təşkilatın prinsiplərinin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırdı. Bildirdi ki, ATƏT-in əsas prinsipləri hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və beynəlxalq hüquq normalarına riayət edilməsidir. Ancaq Ermənistan bu prinsiplərə məhəl qoymur, ATƏT isə buna biganədir.
Sitat: Əgər ATƏT 1992-ci ildə bu münaqişənin həll olunması üçün xüsusi Minsk qrupu yaradıbsa, deməli, bu vəzifəni öz üzərinə götürübsə, bu vəzifəni həyata keçirmək üçün gərək birinci növbədə beynəlxalq hüquq normaları əsas götürülsün, ATƏT-in əsas prinsiplərindən olan hər bir ölkənin ərazi bütövlüyü əsas götürülsün, sərhədlərin toxunulmazlığı əsas götürülsün. Azərbaycan bu prinsipləri pozmayıbdır. Biz Ermənistanın ərazi bütövlüyünü pozmamışıq, onun sərhədlərini pozmamışıq və beynəlxalq hüquq normalarına riayət edirik. Amma o biri tərəf – Ermənistan beynəlxalq hüquq normalarını, ATƏT-in prinsiplərini pozub, Azərbaycan ərazisinin 20 faizini işğal edibdir və indi də işğal altında saxlayır. İşğal olunmuş yerlərdən 1 milyondan artıq azərbaycanlını zorla çıxarıbdır.
Belə olan halda ATƏT ya gərək öz prinsiplərindən imtina etsin, ya da öz prinsiplərinin həyata keçirilməsini təmin etsin. Təəssüflər olsun ki, bu müddətdə ATƏT, onun Minsk qrupu həmin o prinsiplərin burada, bizim bölgədə təmin edilməsi məsələsi ilə ciddi məşğul olmur.
Qeyd edək ki, istər ATƏT-in Minsk qrupunun, istərsə də digər beynəlxalq təşkilatların fəaliyyətsizliyi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi 30 il həll edilməmiş qaldı. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü özü təmin etməli oldu. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, bununla da BMT-nin dörd qətnaməsi hərbi-siyasi yolla icra olundu.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil

Follow us on social

Facebook Twitter Youtube

Related Posts