Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin dekabrı

Tokio, 13 dekabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 dekabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Pennzoil” şirkətinin nümayəndə heyətini qəbul etdi.
4-7 dekabr. ATƏM-in (indiki ATƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeştdə keçirilən toplantısında iştirak etmək üçün Macarıstanda səfərdə oldu.
9 dekabr. Bakıda keçirilən “Aqrar islahat: problemlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfransda çıxış etdi.
11 dekabr. “Uşaqlar dünyanın sevincidir” Beynəlxalq Xeyriyyə Telemarafonu münasibətilə televiziya studiyasında uşaqlarla görüşdü.
12-16 dekabr. İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablankada keçirilən Zirvə toplantısında iştirak etmək üçün Mərakeşdə səfərdə oldu.
17 dekabr. Xalq rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə həsr olunmuş sərginin açılışında və təntənəli yubiley tədbirində çıxış etdi.
19 dekabr. Qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirə keçirdi.
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi.
20 dekabr. Kolxoz və sovxozların islahatı ilə bağlı müşavirə keçirdi.
21 dekabr. Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü.
Respublikaya göstərilən humanitar yardımla əlaqədar müşavirə keçirdi.
22-23 dekabr. Aqrar islahatlara həsr olunmuş müşavirələr keçirdi.
27 dekabr. Türkiyə Respublikası Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul etdi.
28 dekabr. Cəlil Məmmədquluzadənin 125 illiyinə həsr edilmiş tədbirdə çıxış etdi.
30 dekabr. Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun, beynəlxalq və humanitar təşkilatların nümayəndəliklərinin rəhbərləri ilə görüşdü.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.

X X X

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici ölkələrlə ikitərəfli münasibətlərinin qurulması ilə yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunması istiqamətində ardıcıl işlər görürdü. 1994-cü ilin dekabr ayı bu baxımdan bir sıra hadisələrlə əlamətdardır.

Macarıstana səfəri çərçivəsində dekabrın 6-da ATƏM-in (ATƏT) Budapeştdə keçirilən Zirvə görüşündə iştirak edən Heydər Əliyev nitq söylədi. Bunun nəticəsi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar təşkilatın fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu.
İslam ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə xüsusi önəm verən Ulu Öndər dekabrın 12-16-da İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablankada keçirilən Zirvə toplantısında iştirak etmək üçün Mərakeşdə səfərdə oldu. O zaman 52 dövlətin daxil olduğu bu təşkilatın tədbirində təmsilçilik Azərbaycan həqiqətlərinin İslam aləminə çatdırılması üçün əlverişli imkan yaradırdı. Eyni zamanda, ilk dəfə idi ki, Azərbaycan dövlətinin başçısı İKT-nin Zirvə toplantısında iştirak edirdi. Kasabalankaya yola düşərkən Binə Hava Limanında jurnalistlərin suallarını cavablandıran dahi rəhbər səfərinin əhəmiyyətindən danışaraq dedi: “Daxilimizdə bəziləri belə hesab edirlər ki, həyatımızı, Ermənistanın Azərbaycana təcavüzü məsələsini çoxları elə bizim kimi bilir. Amma, əslində, belə deyildir. Mənə məlumdur və mən bir çox ölkələrdə olarkən siz də müşahidə etmisiniz ki, respublikamızın başına gələn bəlaları çox yerlərdə ya bilmirlər, ya da onun nə qədər dərin, ümumdünya təhlükəsizliyi üçün, xüsusən Azərbaycanın bu günü və gələcəyi üçün təhlükəli olduğunu dərk edə bilmirlər. Ona görə də qarşıdakı toplantıda biz bu məsələləri açıqlayacağıq və eyni zamanda, İslam ölkələrinin başçıları ilə ikitərəfli görüşlərdə də mən bu barədə geniş söhbətlər aparacağam”.
Ulu Öndər Zirvə toplantısında Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını bəyan etdi, İKT-nin hər bir üzvünü münaqişənin aradan qaldırılması ilə bağlı təşkilatın fəaliyyətini dəstəkləməyə çağırdı: “Öz qətnaməsində Ermənistanın müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fəaliyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidvarıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir”.
Zirvə toplantısında diqqət çəkən məqamlardan biri də Asiyanın müsəlman ölkələri adından nitq söyləməyin Azərbaycan Prezidentinə həvalə edilməsi idi. Bu, Heydər Əliyevin şəxsiyyətinə ehtiram və inamdan irəli gəlirdi. Ulu Öndər çıxışında ümidvar olduğunu bildirdi ki, Kasablanka Zirvə toplantısı dünya müsəlmanlarının həmrəyliyinin daha da möhkəmlənməsində, İslam dövlətlərinin nüfuz və qüdrətinin artmasında yeni bir mərhələ olacaq.
Səfər zamanı Heydər Əliyevin İKT rəhbərliyi, eləcə də üzv ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın İslam dünyası ilə əlaqələrinin genişlənməsində mühüm rol oynadı.
O vaxt ölkənin bir çox problemlərinin həlli üçün təxirəsalınmaz işlərlə yanaşı, respublikanın mədəni həyatı da Ulu Öndərin diqqətində idi. İşinin çoxluğuna baxmayaraq, Heydər Əliyev vaxt tapıb Xalq rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə və görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 125 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etdi və geniş nitq söylədi. Ümummilli Lider çıxışlarında onlara yüksək qiymət verməklə yanaşı, hər iki sənətkarın yaradıcılığı barədə bu sahələrin mükəmməl bilicisi kimi çox dəyərli fikirlər səsləndirdi.

X X X

Heydər Əliyevin Xalq rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə həsr olunmuş tədbirlərdəki çıxışından

• Bizim rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıb. Bu rəssam illər boyu yaşayacaq və heç şübhə etmirəm ki, zaman keçdikcə Səttar Bəhlulzadənin yaradıcılığı daha da yüksəklərə qalxacaq, onun əsərlərinin qiyməti daha da artacaq.

• Səttar Bəhlulzadə nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir simadır və böyük mədəni irs qoymuşdur.
• Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, Azərbaycanı göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir.
• Əgər Avropa Pikasso kimi böyük rəssamı ilə fəxr edirsə, biz də, şübhəsiz ki, Pikassonu böyük rəssam kimi tanıyırıq, onun əsərlərinə dərin hörmət edərək, eyni zamanda, iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın da Pikassoya bərabər Səttar Bəhlulzadə kimi rəssamı var və Azərbaycan da onunla fəxr edə bilər.

Cəlil Məmmədquluzadənin 125 illiyinə həsr edilmiş yubiley tədbirindəki nitqindən

• Cəlil Məmmədquluzadə ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır.

• Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar.
• Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə dəvət etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır. “Anamın kitabı” əsəri Azərbaycan üçün çox dahiyanə bir əsərdir. Çünki bizim xalqımız, respublikamız Şərqin və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini daim yaşadıb, Azərbaycanın milliliyini yaşadıb, milli şüuru yaşadıb, milli məfkurəni yaşadıblar. Lakin elə zamanlar, elə dövrlər də olub ki, bəzən başqa ölkələrdə təhsil almış adamlar o ölkələrin dilini, adət-ənənəsini qəbul edərək öz dilini, öz adət-ənənəsini, milliliyini itirməyə uğramışlar. Bu gün də bu, var.
• Cəlil Məmmədquluzadənin böyüklüyü həm şəxsi həyatında, həm fəaliyyətində, həm də yaradıcılığında ondan ibarətdir ki, o, ilk təhsilini Naxçıvanda molla məktəbində aldıqdan sonra rus dilində Qori seminariyasını bitirib, sonra Sankt-Peterburqda təhsil alıb. O, rus dilini mükəmməl bilib, Avropa mədəniyyətini çox dərindən öyrənib, ümumbəşəri dəyərləri dərk edib, onları öz milliliyi ilə, öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil olub.
• Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında “Ölülər” əsərinə bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını, özünəməxsus fitri istedadını əks etdirir. “Ölülər” əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o bizə bu gün də lazımdır.
• Bizim bu gənc nəslimiz, indi yeni dövlətimizi, yeni cəmiyyətimizi formalaşdıran nəslimiz Cəlil Məmmədquluzadənin əsərləri ilə, yaradıcılığı ilə nə qədər yaxından tanış olsa, bizim dövlətçilik işimiz o qədər asan gedər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts