Tokio, 7 oktyabr , /AJMEDIA/
AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
2 avqust. Prezident Heydər Əliyev Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbirdə iştirak etdi və nitq söylədi.
5 avqust. “Aksoy Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ərdal Aksoyu qəbul etdi.
6 avqust. İran xarici işlər nazirinin Asiya, Okeaniya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə müavini Möhsün Əminzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
9 avqust. Rusiya nümayəndə heyətini qəbul etdi.
10-15 avqust. Naxçıvan Muxtar Respublikasında səfərdə oldu. Səfər çərçivəsində Naxçıvan Ali Məclisində müşavirə keçirdi. Şahbuz, Sədərək, Şərur və Babək rayonlarının sakinləri ilə görüşdü. AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq söylədi və digər tədbirlərdə iştirak etdi.
19 avqust. Türkiyənin Dövlət naziri Rəşad Doğrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı müşavirə keçirdi.
20 avqust. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etdi.
21 avqust. Nizami rayonundakı “Heydər parkı”nda sakinlər qarşısında nitq söylədi.
23 avqust. Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətini qəbul etdi.
24 avqust. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı səsvermə zamanı jurnalistlərin suallarını cavablandırdı.
27 avqust. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Klaus Qrevlixi qəbul etdi.
28 avqust. Türkiyənin dənizçilik məsələləri üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
29 avqust. Ukrayna Baş nazirinin müavinini qəbul etdi.
30 avqust. Ali məktəblərə ən yüksək balla qəbul olunmuş tələbələrlə görüşdü.
X X X
Ulu Öndər blokada şəraitində yaşayan Naxçıvanın üzləşdiyi problemlərin həllinə, Muxtar Respublikanın təhlükəsizliyinin və inkişafının təmin olunmasına xüsusi dıqqət göstərir, doğulub boya-başa çatdığı yurda vaxtaşırı səfərlər edirdi. Bu səfərlərdən biri 2002-ci il avqustun 10-da baş tutdu. Xronologiyadan göründüyü kimi, altı gün davam edən səfərin proqramı olduqca zəngin idi: Muxtar Respublikanın Ali Məclisində müşavirə, AMEA-nın Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş tədbir, Vayxır su anbarının tikintisi ilə tanışlıq, Şahbuz, Sədərək, Şərur və Babək rayonlarının sakinləri ilə görüşlər…
Ali Məclisdə keçirilən müşavirədə nitq söyləyən Heydər Əliyev Muxtar Respublikanın çoxsaylı problemlərindən, onların həlli istiqamətində görülən işlərdən danışdı. Paytaxt Bakı ilə nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasının, xüsusən əhali artımının vacibliyini vurğuladı.
Sitat: Muxtar Respublikanın 400 min nəfərə qədər əhalisi var. Əhalinin artımı da yaxşıdır və artmalıdır. Güman edirəm ki, əsl naxçıvanlılar Naxçıvanı qoyub heç yerə getməməlidirlər. Mən indi də deyirəm, əgər o vaxt Azərbaycanda elə ağır vəziyyət olmasaydı və orada mənə böyük ehtiyac olmasaydı, mən Naxçıvandan getməyəcəkdim. 1991-ci ildə mən Naxçıvana o məqsədlə gəlmişdim ki, ömrümün sonuna qədər burada yaşayım”.
Prezident Heydər Əliyev Muxtar Respublikaya səfər ərəfəsində – avqustun 7-də Azərbaycan Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında Sərəncam imzalamışdı. Səfər zamanı isə bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirdi. Müşavirədəki çıxışında qarşıda duran vəzifələr haqqında fikirlərini paylaşaraq dedi ki, Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı yenidən dərindən araşdırılmalı, bu barədə elmi əsərlər, populyar kitablar yazılmalıdır.
Ulu Öndər, həmçinin Naxçıvan təbiətinin, bu qədim yurddakı təbiət abidələrinin öyrənilməsinin vacibliyini vurğulayaraq dedi: “Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”.
Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə çıxış edən Prezident Heydər Əliyev bildirdi ki, bu anbar Muxtar Respublikanın sosial-iqtisadi həyatında böyük rol oynayacaq, Naxçıvanın su təminatı məsələsi biryolluq həll olunacaq.
Qeyd edək ki, Heydər Əliyevin adını daşıyan Vayxır su anbarı 2005-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Ümumi həcmi 100 milyon kubmetr olan su anbarı 16 min 830 hektar sahəni suvarmağa imkan yaradır.
Vətənin gələcəyini düşünən, elm və təhsili milli intibahın əsas vasitəsi hesab edən Ulu Öndər hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların hazırlanmasını təmin etmək məqsədilə keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində respublikamız üçün illik kvotalar ayrılmasına nail olmuşdu. Onun təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində müxtəlif ixtisaslar üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlanmışdı.
Müstəqillik illərində də təhsilin inkişafını prioritet vəzifələrdən biri hesab edən Heydər Əliyev avqustun 30-da 2002/2003-cü tədris ilində ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdü. Ali məktəblərə qəbulun test üsulu ilə aparılmasının üstünlüyünü vurğulayaraq dedi: “Müsbət nəticəsi olduğu üçün də biz bu üsulu dəstəkləyirik və onun Azərbaycanda davam etməsi üçün lazımi imkanlar yaratmışıq və yaradacağıq. Biz ali məktəblərə qəbul ilə əlaqədar keçmişdə də çox üsullardan istifadə etmişdik ki, qəbul ədalətli olsun, ancaq biliyi olanlar ali məktəblərə qəbul edilsinlər. Ancaq təəssüflər olsun ki, ovaxtkı tədbirlər istənilən nəticəni verməmişdir. Test üsulu onlara nisbətən xeyli mütərəqqi üsuldur”.
Prezident çıxışında təhsillə bağlı narahatedici məqamlara, çatışmazlıqlara da toxundu.
Sitat: Məni narahat edən ümumi təhsil, yəni bizim gənclərin ilkin təhsili, orta məktəblərdəki vəziyyət, orta məktəbin verdiyi təhsil və bu məktəbləri qurtaran uşaqların bilik səviyyəsidir. Məni narahat edən budur. Bu, ümumiyyətlə, bizim xalqın bilik səviyyəsini göstərir. Çünki çox yüksək nəticələr əldə edən ayrı-ayrı insanlar, yaxud da ki, tələbələr, elmi işlə məşğul olanlar hələ xalqın, millətin ümumi bilik səviyyəsini göstərə bilməz. Onun göstəricisi ola bilməz. Bu göstərici orta məktəblərdədir.
Ulu Öndər çıxışının sonunda görüşə dəvət olunmuş tələbələrə müraciətlə dedi: “İndi Azərbaycanın ali məktəblərində təhsil alan gənclər, siz ölkəmizin gələcəyisiniz. Özü də yaxın gələcəyi yox, uzaq gələcəyisiniz. Azərbaycan gələcəkdə sizin kimi gənclərdən formalaşmış insanların çiyinlərində yaşayacaqdır, inkişaf edəcəkdir. Mən də arzu edirəm ki, Azərbaycanın müstəqilliyi, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət davam etsin, Azərbaycan müstəqil dövlət kimi daim uğurla yaşaya bilsin. Xalqımızın rifah halı, həyatı gündən-günə yaxşılaşsın. Bunun üçün də çalışmaq lazımdır, fədakarlıq göstərmək lazımdır və sizin kimi gənclər özlərini gələcəyə hazırlamalıdırlar. Mən sizə və bütün gənclərə, bütün tələbələrə Azərbaycanın gələcəyi ilə əlaqədar böyük ümidlərlə baxıram”.
Əsası Ümummilli Lider tərəfindən qoyulan bu ənənə, təhsilə dövlət qayğısı sonrakı dövrdə də uğurla davam etdirilib. 2003-2023-cü illərdə respublikada minlərlə məktəb binası tikilib və ya əsaslı təmir olunub. Qəbul imtahanlarında ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələr üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdü təsis edilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hazırda yüzlərlə azərbaycanlı gənc xaricdə təhsil alır.