Xalqa bağışlanmış ömürdən anlar: 2001-ci ilin dekabrı

Tokio, 1 sentyabr , /AJMEDIA/

AJMEDIA müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

5 dekabr. Prezident Heydər Əliyev İranın Azərbaycandakı səfiri Əhəd Qəzaini qəbul etdi.

6 dekabr. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson ilə görüşdü.

7 dekabr. Çinin Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində nitq söylədi.

9 dekabr. Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilmiş tədbirdə çıxış etdi.

11 dekabr. ABŞ-ın Azərbaycandakı səfirliyində Nyu-Yorkdakı 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yadetmə mərasimində nitq söylədi.

“Şevron-Teksako” korporasiyasının vitse-prezidenti Riçard Matskeni qəbul etdi.

15 dekabr. ABŞ müdafiə naziri Donald Ramsfeld ilə görüşdü.

17 dekabr. Ramazan bayramı münasibətilə müsəlman dövlətlərinin Azərbaycandakı səfirlərini qəbul etdi.

18 dekabr. Respublikanın kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdü.

19 dekabr. ABƏŞ-in və BP Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvordu qəbul etdi.

25 dekabr. Xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etdi.

28 dekabr. Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdü.

29 dekabr. Maştağa qəsəbəsində Olimpiya İdman Mərkəzinin açılışında nitq söylədi.

31 dekabr. Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etdi.

X X X

Prezident Heydər Əliyev Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərinin inkişafına xüsusi önəm verir, bunu olduqca vacib hesab edirdi. Bu gün yüksək səviyyədə olan Azərbaycan-Çin əlaqələrinin təməli də məhz həmin dövrdə qoyulub. 2001-ci il dekabrın 7-də Çinin Bakıdakı səfirliyinin yeni binasının açılış mərasimdə nitq söyləyən Ulu Öndər bu hadisəni iki ölkə arasında dostluğun rəmzi, Çinin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi kimi qiymətləndirdi, əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə səfirliyin öz vəzifələrini daha uğurla yerinə yetirəcəyinə əminliyini bildirdi.

Sitat: Bu bina, həqiqətən Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluğun rəmzidir. … Çin Xalq Respublikası öz səfirliyinin fəaliyyəti üçün yaxşı şərait yaratmışdır və deməli, öz səfirliyinə böyük əhəmiyyət verir. Bu, həm də o deməkdir ki, Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verir.

Əminəm ki, səmərəli fəaliyyət üçün belə gözəl imkanlara malik olan Çin səfirliyi, əvvəla, öz vəzifələrini daha uğurla yerinə yetirəcək, ikincisi, – bu isə bizim üçün təbii olaraq çox vacibdir, – Çin Xalq Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə daha fəal işləyəcəkdir.

Qeyd edək ki, müstəqil Azərbaycan ilə Çinin münasibətlərinin formalaşmasında Ulu Öndərin mühüm xidmətləri zaman-zaman minnətdarlıq hissi ilə xatırlanır. Prezident İlham Əliyevin bu il Çinin “China Media Group” media korporasiyasına müsahibəsi zamanı müxbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu xidmətlərini bir daha vurğuladı: “Bu il mərhum atanız Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub… Atanız Çinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə o, sadə çinli ailələrlə görüşüb və onların həyatı ilə maraqlanıb. Çinli məktəblilərlə görüşüb və bölgələrə səfərlər edib”.

Ötən dövr ərzində Azərbaycan-Çin münasibətləri durmadan inkişaf edib. İki ölkənin liderlərinin qarşılıqlı səfərləri və görüşləri bu əlaqələri daha da gücləndirib. Prezident İlham Əliyev “China Media Group” media korporasiyasına müsahibəsində son zamanlar Azərbaycan-Çin münasibətlərinin daha da intensivləşdiyini vurğulayaraq deyib: “Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib. Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır”.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər uşaqları tükənməz məhəbbətlə sevir, onlara böyük diqqət və qayğı göstərirdi. 2001-ci il dekabrın 9-da Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilmiş şənlikdəki çıxışında vurğuladı ki, müstəqil Azərbaycanda uşaqlara qayğı, diqqət, sevgi, məhəbbət hər şeydən üstündür və hər şeydən də irəlidədir: “Bu mənim üçün belədir. Hesab edirəm ki, vətənini, ölkəsini, dövlətini sevən hər bir insan uşaqlara belə münasibət göstərməlidir. Belə günlərdə biz bir daha görürük ki, Azərbaycan xalqı böyük istedadlara malik olan bir xalqdır. Bu istedadlar da Azərbaycan xalqının kökündən, soyundan gəlir, onun genetik xüsusiyyətləri ilə bağlıdır. Bunları sübut edən sizin bu gözəl çıxışlarınız, geniş istedadınız, çoxtərəfli bacarığınızdır”.

Ulu Öndər çıxışı zamanı ölkəmizdə, həmçinin qaçqın və köçkün çadırlarında uşaqların yaşadığını qeyd etdi və ümumiyyətlə, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin əlindən gələni edəcəyini bildirdi: “Doğrudur, uşaqların hamısı eyni vəziyyətdə deyildir. Biz sizinlə burada, bu salonda olduğumuz zaman çadır düşərgələrində yerindən-yurdundan didərgin düşmüş köçkün-qaçqın ailələri yağışın altında yaşayırlar. Uşaqlar da orada böyüyürlər… Başqa səbəblərə görə də çətin şəraitdə yaşayan uşaqlarımız var. Belə vəziyyət bizi incidir, bizi narahat edir. Biz çalışırıq ki, hər bir uşağın həyat şəraiti yaxşı olsun, normal olsun. Biz buna get-gedə nail oluruq və nail olacağıq”.

Azərbaycanda uşaqlara qayğı, onların təhsili və inkişafı üçün hər cür şərait yaradılması bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda vurğulandığı kimi, uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri çərçivəsində uşaqların təhsili və inkişafı üçün lazımi infrastruktur yaradılması da ön plandadır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşılaşdığı problemləri tədricən həll edir, çətinlik və maneələri aradan qaldıraraq gələcəyə doğru inamlı addımlar atırdı. 2001-ci il dekabrın 31-də xalqa Yeni il təbrikində Ulu Öndər qazanılan uğurlarla yanaşı, qarşıda duran vəzifələri də diqqətə çatdırdı.

Sitat: 2002-ci ildə bizim qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr müəyyən olunubdur. Birinci növbədə, qəbul olunmuş dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafının irəliyə getməsini təmin edəcəkdir. Bildirmək istəyirəm ki, büdcənin xərclərinin 63 faizi sosial sahəyə yönəldilibdir və sosial problemlərin həll olunmasına həsr olunacaqdır. Bizim iqtisadi siyasətimiz ümumən sosialyönlü xarakter daşıyır və bu, həm 2001-ci ildə həyata keçirilmişdir, həm də 2002-ci ilin büdcəsi də məhz sosial yönümlü dövlət büdcəsidir. Beləliklə, biz birinci növbədə, xalqın rifah halını yaxşılaşdırmağa və sosial problemləri həll etməyə çalışırıq. Bunlarla bərabər, bizim bir çox problemlərimiz də var. Biz bu problemləri ardıcıl surətdə həll edirik. 2002-ci ildə də onların həll edilməsi bizim əsas vəzifələrimizdən biridir”.

Heydər Əliyev, Yeni il təbrikində, həmçinin Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunacağına, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına inamını dilə gətirdi: “Bu problem nə qədər çətin olsa da, mən hesab edirəm ki, bu münaqişə həll olunacaq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə, öz doğma torpaqlarına qayıdacaqlar”.

Ulu Öndərin bu inamı büsbütün doğruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində Azərbaycan torpaqları 30 illik işğaldan azad edildi. Hazırda həmin torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı inamla reallaşdırılır, bu yerlərə yenidən həyat qayıdır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts