Tokio, 6 sentyabr , /AJMEDIA/
Rumıniyanın AGERPRES xəbər agentliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə dair Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun məqaləsini yayıb.
AJMEDIA xəbər verir ki, məqalədə görkəmli dövlət xadiminin xalqının ən ağır günlərində onun yanında olmaq üçün 1990-cı il iyulun 22-də doğma yurdu Naxçıvana gəldiyi bildirilir. Qeyd olunub ki, həmin vaxt muxtar respublika son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat iflic olmuş, əhalinin maddi durumu dözülməz həddə çatmışdı, digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları və ozamankı Azərbaycan rəhbərliyinin hər tərəfdən yolu bağlanmış Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda Ulu Öndərin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrilib, xalq onun timsalında böyük xilaskarını tapıb.
Məqalədə diqqətə çatdırılıb ki, təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi üç il ərzində həm də Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi güclənməsi, inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən qərarlar qəbul edib. Beləliklə, 1990-1993-cü illər tarixə Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi daxil oldu.
Vurğulanıb ki, Ali Məclisin Ulu Öndərin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olunub, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də 1992-ci il noyabrın 21-də Ümummilli Liderin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması olub. Bu partiya qısa vaxtda dövrün siyasi hərəkatında fəal nümunə və təsir gücünə malik olduğunu sübut edib.