Qaradağ rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi

Tokio, 15 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, 14 iyul 2023-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkəmizin gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yüksəliş mərhələsinin başladığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası – Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Mövzu ilə əlaqədar əsas məruzə ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin kökündə Ulu öndərin ideyalarının dayandığını bildirdi. Qafar Əliyev, həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyytə gəlişindən sonra həyata keçirdiyi möhtəşəm quruculuq işləri, bütün sahələri əhatə edən islahatlar barədə ətraflı məlumat verdi. Vurğuladı ki, Azərbaycan tarixinin son 54 ili Ulu öndərin adı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlı olmuşdur. Həmin dövrdə hər bir siyasi və tarixi əhəmiyyət kəsb edən hadisə və prosesləri Ulu öndərin iştirakı və xidməti olmadan izah etmək mümkün deyildir.
Məruzəçi Ümumilli liderin anadan olduğu tarixi şərait, bir gənc kimi təhsil aldığı və ilk əmək fəaliyyətinə başladığı dövrün onun tarixi şəxsiyyət kimi yetişməsində oynadığı rolu geniş təhlil edərək, keçdiyi keşməkeşli həyat yolu haqqında geniş bəhs etdi. Vurğuladı ki, həmin dövrdə aldığı təhsil, dövlət təhlükəsizlik orqanlarında keçdiyi şərəfli yol 1969-cu ilin iyulunda Azərbaycan Respublikasında rəhbər seçilmək üçün Heydər Əliyevin tam hazır bir kadr kimi yetişməsinə şərait yaratmışdı. Beləliklə, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir.
Qafar Əliyev qeyd etdi ki, həmin tarixdən etibarən Azərbaycan Respublikasının adı keçmiş SSRİ ərazisində çox sürətlə yüksəldi, iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrində canlanma yarandı və geridə qalmış respublika dinamik inkişaf yoluna çıxıdı. Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi 14 il ərzində Azərbaycanda sənaye və kənd təssərrüfatı məhsulları 3 dəfədən çox artmış, milli gəlir yüksəlmiş və Azərbaycan xalqının yaşayış və həyat səviyyəsi xeyli yaxşılaşmışdı. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub və 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
YAP Qaradağ rayon təşkilatının sədri xatırladıb ki, Heydər Əlirza oğlu Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilmiş,eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu vəzifələrdə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməklə bərabər, bir an belə Azərbaycan Respublikası ilə əlaqəni kəsməmiş, sovet rejimi çərçivəsində respubilka iqtisadiyyatının yüksəlməsi, mənəvi və milli dirçəlişi üçün əlindən gələni əsirgəməmişdir.
Məruzəçi qeyd edib ki, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. O, xatırladıb ki, Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Həmçinin Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
Qafar Əliyev qeyd edib ki, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Qafar Əliyev vurğulayıb ki, beləliklə, Heydər Əliyev iki müxtəliv systemin qəhrəmanı və siyasi lideridir. O, uzun və keşməkeşli tarixi mərhələdə bir-birinə zidd olan iki sistemdə yaşamış və eyni müvəfəqiyyət, bacarıq və səriştə ilə respuplikaya rəhbərlik etmiş, bu dövrlərin hər birində də xalqının çoxsaylı problemlərinin həllinə nail olmuş və eyni şəkildə də Azərbaycan xalqı və digər millət və xalqlar tərəfindən sevilərək qəbul edilmişdir.
YAP rayon təşkilatının sədri vurğuladı ki, bu gün Azərbaycanın bütün sahələrində Ulu öndər Heydər Əliyevin böyüklüyü görünür. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi qüdrətli dövlət və güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələnib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələrini darmadağı edərək Qələbə qazanması tariximizə yeni dövr olaraq daxil olub. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma və dinamik inkişaf müşahidə olunmaqdadır. Bütün bunlar Böyük qayıdışın tezliklə reallaşacağını, ata-baba ocaqlarından didərgin düşümüş soydaşlarımızın tezliklə evlərinə qayıdacağını deməyə ciddi əsas yaradıb. Heç kim şübhə etmir ki, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf xəttini uğurla həyata keçirən Azərbaycan ən böyük uğurlara imza atacaq.
və ölkə rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara imza atacağından danışdı.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirdi.
Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov çıxış edərək Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdilər. Qeyd etdilər ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yüksəliş mərhələsinin başlandığını, bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində müasir Azərbaycanın etibarlı şəkildə qorunduğunu və inkişaf etdirildiyini vurğuladı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts