Nərman Nərimanov adına NQÇİ-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk gəlişinin 54-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib

Tokio, 13 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk gəlişinin 54-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, N.Nərimanov adına NQÇİ-nin rəisi Qoçalı Mahmudov, YAP rayon təşkilatının aparatının əməkdaşları və müəssisənin işçiləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar təşkil olunmuş sərgi ilə tanış oldular.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbiri açan N.Nərimanov adına NQÇİ-nin rəisi Qoçalı Mahmudov 1969-cu il 14 iyul gününün Azərbaycan tarixində xüsusi yerə malik olduğunu bildirib. O, qeyd edib ki, həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri əsaslı islahat və dinamik inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirən Q.Mahmudov onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə gələcək müstəqil dövlətin təməllərini qoyduğunu vurğulayıb. Ulu öndərin iqtisadiyyatın inkişafı, ordu quruculuğu, gənc nəsllin digər respublikalarda ən yüksək səviyyədə ali təhsili, vətənpərvərlik tərbiyəsi və digər istiqamətlərdə böyük zəhmətini xatırladaraq, bütün bunların gələcək müstəqil dövlətin qurulmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünüb. Azərbaycanın ən çətin məqamlarında üzləşdiyi faciələrdən qurtarmaq üçün misilsiz fədakarlıqlar göstərib. Müəssisə rəhbəri bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu öndərin ideyalarını ən layiqli formada həyata keçirir.
Dəyirmi masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə birinci dəfə gəlişindən sonra həyata keçirdiyi möhtəşəm quruculuq işləri, bütün sahələri əhatə edən islahatlar barədə ətraflı məlumat verib. O, vurğulayıb ki, Azərbaycan tarixinin son 54 ili Ulu öndərin adı və siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Dünya liderlərinin fəaliyyətinə qiymət verərkən tədqiqatçıların onları avtoritar, demokrat, mühafizəkar və islahatçı lider kimi qruplara ayırdığını xatırladan Qafar Əliyev Heydər Əliyevin məhz islahatçı-demokrat lider olduğunu vurğulayıb. Rayon təşkilatının sədri qeyd edib ki, Heydər Əliyev Azərbaycan KP Mk-nın birinci katibi seçildiyi andan etibarən Azərbaycanın adı keçmiş Sovet İttifaqı ərazisində çox geniş yayıldı, iqtisadi, siyasi və mənəvi həyatın bütün sahələrində canlanma baş verdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində Azərbaycanda sənaye və kənd təsərrüfatı məhsulları 3 dəfədən çox artdı, milli gəlir yüksəldi və Azərbaycan xalqının yaşayış səviyyəsi xeyli yaxşılaşdı.
Qafar Əliyev, həmçinin xatırladıb ki, Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub və 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
YAP Qaradağ rayon təşkilatının sədri bildirib ki, 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd seçilən Heydər Əliyev 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü,eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifələrdə işləyərkən Heydər Əliyev Sovet İttifaqının iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməklə bərabər, bir an belə doğma Vətəni Azərbaycan ilə əlaqəni kəsməmiş, respubilka iqtisadiyyatının yüksəlməsi, xalqımızın mənəvi və milli dirçəlişi üçün əlindən gələni əsirgəməyib.
Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttinə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdiyini xatırladan rayon təşkilatının sədri, xalqının həqiqi lideri olan Ulu öndərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Qafar Əliyev keçmiş Sovet İttifaqının dağılması ərəfəsində doğma Vətəninə qayıdan Heydər Əliyevin qısa zaman kəsiyində xalqın tələbi ilə əvvəlcə Naxçıvan Ali Məclisinin, Sonra Azərbaycan Respublikası Milli Məclisinin sədrləri seçildiyini və 1993-cü il iyunun 24-dən Azərbaycan Prezidentinin səlahiyyətlərinin icrasına başladığını xatırladıb. Həmin il oktyabrın 3-də isə xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçildiyini qeyd edib. Müstəqilik dönəmində cəmi 10 il hakimiyyətdə olan Heydər Əliyevin böyük zəhmətlə Azərbaycanı xaosdan, vətəndaş qarşıdurmasından və ərazilərin işğalından xilas etdiyini, ölkənin gələcək inkişaf strategiyasının işləyib hazırladığını bildirib.
Yap rayon təşkilatının sədri vurğulayıb ki, beləliklə, Heydər Əliyev iki müxtəlif sistemin qəhrəmanı və siyasi lideridir. O, uzun və keşməkeşli tarixi mərhələdə bir-birinə zidd olan iki sistemdə yaşamış və eyni müvəfəqiyyət, bacarıq və səriştə ilə respublikaya rəhbərlik etmiş, bu dövrlərin hər birində də xalqının çoxsaylı problemlərinin həllinə nail olmuş və eyni şəkildə də Azərbaycan xalqı və digər millət və xalqlar tərəfindən sevilərək qəbul edilmişdir.
YAP rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələnib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Zəfər yürüşünə başlaması və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qələbə qazanması tariximizə yeni dövr olaraq daxil olub. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Bu gün 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma və dinamik inkişaf müşahidə olunmaqdadır. Bütün bunlar Böyük qayıdışın tezliklə reallaşacağını, ata-baba ocaqlarından didərgin düşümüş soydaşlarımızın tezliklə evlərinə qayıdacağını deməyə ciddi əsas yaradıb. Heç kim şübhə etmir ki, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf xəttini uğurla həyata keçirən Azərbaycan ən böyük uğurlara imza atacaq.
Tədbirdə digər çıxış edənlər: N.Nərimanov adına NQÇİ ərazi partiya təşkilatının sədri Lamiyə İsmayılova, müəssisənin baş mühəndisi Mahmud Qəmbərli, ümumi işlər üzrə rəis müavini Ceyhun Fərzəliyev, kadrlar şöbəsinin müdiri Sevinc Qarayeva, baş metroloq Məmməd Qocayev və başqaları Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək bu dahi insanın fədəkar əməyi sayəsində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün ömrünü Azərbaycanın inkişafına sərf edən, müstəqil dövlətimizin çiçəklənməsi üçün yorulmaq bilmədən çalışan Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts