Moldova təcili olaraq Rumıniyadan elektrik enerjisi almağa başlayıb

Tokio, 25 oktyabr , /AJMEDIA/

Oktyabrın 24-də Moldovanın “Moldelectrica” dövlət kompaniyası kəsiri ödəmək üçün təcili olaraq Rumıniyadan elektrik enerjisi almağa başlayıb.
AJMEDIA Moldova mediasına istinadla xəbər verir ki, bunu ölkənin infrastruktur və regional inkişaf naziri Andrey Spınu deyib. Onun sözlərinə görə, oktyabrın 25-də səhər saat 7:00-dan 11:00-a və axşam saat 18:00-dan 23:00-a qədər işıqların növbəli şəkildə sönməsi riski hələ də qalır. Nazir, həmçinin “Energocom” kompaniyasının elektrik enerjisinə tələbatı tam ödəmək üçün kommersiya həcminə malik olmadığını bildirib.
Oktyabrda enerji böhranı ilə üzləşən Moldova indiyədək ehtiyacı olan elektrik enerjisinin 70 faizini Dnestryanı bölgədə yerləşən “Kuçurqan” istilik elektrik stansiyasından, 30 faizini isə Ukraynadan alırdı. Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alması bu ölkədən elektrik tədarükünün kəsilməsinə səbəb olub. Rusiyanın “Qazprom” kompaniyası tərəfindən Moldovaya ötürülən təbii qaz həcminin azalması səbəbindən “Kuçurqan” stansiyası enerjisi istehsalında problemlərlə üzləşib. Rusiyanın qaz konserni isə öz növbəsində Moldovaya tədarükün azalmasını Ukrayna ərazisində qaz tranzitinin məhdudlaşdırılması ilə bağlı texniki problemlərlə izah edib.
Qeyd edək ki, Moldovanın təcili enerji təchizatı üzrə Rumıniya ilə bağladığı müqavilənin müddəti oktyabrın sonunda bitir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts