Cənubi Koreyada COVID-19 virusuna yoluxma və ölüm sayında antirekord qeydə alınıb

Tokio, 4 Dekabr, /AJMEDIA/

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 5 min 352 yoluxma və 70 ölüm qeydə alınıb. Bu, Cənubi Koreyada pandemiya dövrünün ən yüksək sutkalıq yoluxma və ölüm göstəricisidir.

AJMEDIA Yonhap agentliyinə istinadla xəbər verir ki, ötən sutka “omikron” ştamına daha 3 yoluxmanın aşkarlanması ilə ölkədə bu ştama yoluxanların sayı 9-a yüksəlib. Ən narahatedici məqam isə Cənubi Koreyada “omikron”un yoluxma ocağının yaranmasıdır. Belə ki, “omikron” ştamına bir neçə yoluxmanın kilsələrdən biri ilə əlaqəli olduğu aydınlaşıb. Bundan başqa, ağır xəstələrin sayının rekord həddə (752 pasiyent) çatması xəstəxanalarda, xüsusən də reanimasiya və intensiv terapiya şöbələrində çarpayı sayı çatışmazlığı yaratmağa başlayıb. Ölkə üzrə intensiv terapiya şöbələrindəki çarpayıların təxminən 80 faizi doludur. Təxminən yarısı yaşlı insan olmaqla 900-dən çox xəstə hospitalizasiya üçün bir sutka yer gözləyib. Səlahiyyətli qurumlar vəziyyəti yüngül və orta olan xəstələrin müalicəsini ev şəraitində təşkil etməyə çalışır.

Qeyd edək ki, Cənubi Koreya hökuməti pandemik vəziyyətin yenidən ağırlaşması fonunda dekabrın 3-də karantin tədbirlərini 4 həftə müddətinə sərtləşdirib. Paytaxt Seulda 6, ölkənin digər yerlərində isə 8-dən çox insanın toplaşması qadağan edilib. Qapalı məkanlara, o cümlədən kafe və restoranlara, fitnes zallarına, gecə klublarına, at və velosiped yarışları arenalarına girişdə müştərilər COVID-19 vaksinasiya sertifikatı və ya koronavirus testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Vaksin sertifikatı 6 ay qüvvədə olacaq. Baş nazir Kim Bu-kyum bundan sonra yalnız 3 doza peyvənd qəbul edənlərin tam vaksin olunmuş şəxs hesab olunacağını bildirib. Bu, noyabrın 1-də karantin rejiminin yumşaldılmasından sonra epidemik vəziyyətin ağırlaşması nəticəsində əks istiqamətdə qəbul edilən ilk məhdudiyyət qərarıdır. Cənubi Koreya hökuməti əvvəlcədən elan etdiyi kimi COVID-19 virusuna qarşı tam peyvənd olunanların ölkə əhalisinin sayının 70 faizinə çatmasından sonra noyabrın 1-də karantin rejimini ilk mərhələdə yumşaldıb. Amma noyabrın ortasından başlayaraq sutkalıq yoluxma sayı davamlı çoxalmağa başlayıb. Bu dövrdə sutkalıq yoluxma sayında bir neçə dəfə antirekord qeydə alınıb. Hökumət bu cür şəraitdə dekabrın ortasına nəzərdə tutulan karantin rejiminin növbəti yumşaldılmasının mümkün olmayacağını açıqlayıb.

“Omikron” ştamının xaricdən axınının qarşısını almaq üçün bəzi ölkələrdən olan sərnişinlərin ölkəyə girişinə məhdudiyyət və qadağalar tətbiq edilir. Bundan başqa, sərhəd-keçid karatin tədbirləri sərtləşdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts