Azərbaycan Premyer Liqasının XXVII turunun təqvimi açıqlanıb

Tokio, 10 may , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunun təqvimi açıqlanıb.
AJMEDIA Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, görüşlər eyni gündə və eyni saatda keçiriləcək. Mayın 15-də start götürəcək turda “Səbail” – “Qarabağ” oyunu “ASCO Arena”da keçiriləcək. Digər görüş “Bank Respublika Arena” stadionunda “Sabah” və “Sumqayıt” arasında baş tutacaq.
Turun növbəti iki görüşündə “Şamaxı” komandası “Qəbələ” klubunu, “Zirə” isə “Neftçi”ni qəbul edəcək. Qarşılaşmalar müvafiq olaraq Şamaxı şəhər və Zirə Olimpiya İdman Kompleksinin stadionlarında baş tutacaq.
Turun 3 matçı “CBC Sport” telekanalı, “cbcsport.az” və Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
İyirmi altı turdan sonra turnir cədvəlinə 60 xalla bir oyun az keçirən “Qarabağ” klubu başçılıq edir. Xatırladaq ki, 25-ci turda ağdamlılar vaxtından əvvəl çempionluğunu təmin edib. Əlli xal toplayan “Neftçi” ikinci, 43 xalı olan “Zirə” üçüncü, ondan iki xal az toplayan “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (39), “Şamaxı” (21), “Sumqayıt” (18) və “Səbail” (15) klubları qərarlaşıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts