Muxtar Babayev: Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur

Tokio, 1 may , /AJMEDIA/

Bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.

AJMEDIA xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

“Son illər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq, islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, “yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır. Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərir. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür. Bu gün Azərbaycan dünyanın prioritet qəbul etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır.

İqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması və yumşaldılması böyük ölçüdə beynəlxalq dialoqdan və əməkdaşlıqdan asılıdır. Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz. Tərəflər arasında səmərəli və effektiv əlaqələrin və əməkdaşlığın qurulmasını təmin edən mədəniyyətlərarası dialoq iqlim dəyişikliyi ilə bağlı qlobal gündəliyin həyata keçirilməsi, ortaq sosial və ekoloji dəyərlərin qorunmasında da vacib rol oynayır”, – deyə M.Babayev bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts