Tbilisidə “Heydər Əliyev-100” kitabının təqdimat mərasimi keçirilib

Tokio, 6 may , /AJMEDIA/

Dünya şöhrətli siyasi xadim Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqilliyimizin bərpasından sonra Azərbaycanın, Gürcüstanın, eləcə də bütövlükdə Cənubi Qafqazın inkişafında mühüm rol oynayıb. Ulu Öndərin Azərbaycana qayıdışından sonra təkcə Azərbaycanın deyil, Gürcüstanın da dövlətçiliyi parçalanmaqdan, məhv olmaqdan xilas olunub.
AJMEDIA xəbər verir ki, bu fikirlər Tbilisidəki “Alyans Gənclər Mərkəzi”ndə gürcü dilində nəşr olunmuş “Heydər Əliyev-100” adlı kitabın təqdimat mərasimində səslənib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı siyasətçilər, mərkəzin müəllim və tələbələri iştirak ediblər.
İştirakçılar mərkəzin foyesində gənc rəssamların Heydər Əliyevə həsr etdikləri rəsm əsərlərinə baxıblar.
“Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonra gürcü siyasətçi Levan Mamaladze çıxış edərək, Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyevlə Gürcüstan Prezidenti Eduard Şevardnadze arasındakı möhkəm dostluq münasibətləri nəticəsində iki dost və qonşu ölkə tarixin ağır sınaqlarından alnıaçıq çıxıb.
Səfirliyin məsul əməkdaşı Anar Rəsulov çıxışında deyib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Onlardan bəziləri artıq reallaşıb, qalanlar isə mütəmadi olaraq keçiriləcək.
Politoloq Mübariz Qarayev çıxışında Ulu Öndərin Gürcüstanda yaşayan soydaşlarımıza qayğısından danışıb, özünün Ümummilli Liderin tövsiyə və nəsihətlərindən bəhrələndiyini diqqətə çatdırıb.
Sonda “Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova çıxış edərək, Heydər Əliyev barəsində olan kitabın Gürcüstanın ali təhsil ocaqlarına da paylanılacağını bildirib.
Qeyd edək ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev-100” kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans Gənclər Mərkəzi”nin layihəsi çərçivəsində işıq üzü görüb.
Ümummilli Lider Heydər Əliyevin “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” fikri ilə başlayan nəşrdə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafındakı rolu, onun təşəbbüsü və fədakar əməyi nəticəsində həyata keçirilən neft strategiyası barədə oxuculara ətraflı məlumat verilir.
Nəşrdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş çoxsaylı fotolar da yer alıb.
Kitab elmi araşdırmaçılar üçün sanballı mənbədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts