O, yüz minlərlə insan üçün ilham mənbəyi idi – Pelenin vəfatı ilə bağlı paylaşımlar

Tokio, 30 dekabr , /AJMEDIA/

Əfsanəvi futbolçu Pelenin vəfatı dünya idman ictimaiyyəti tərəfindən böyük kədər hissi ilə qarşılanıb.
AJMEDIA Pelenin ölümü ilə bağlı məşhur futbolçuların və idman xadimlərinin paylaşımlarını təqdim edir.
Argentinalı sabiq futbolçu Qabriel Batistuta – “Futbol dünyasına töhfələrinizə görə təşəkkür edirəm! Rahat yat, əfsanə”.
“İstanbul Başakşehir” klubunun yarımmüdafiəçisi Məsut Özil – “Sizin irsiniz əbədi yaşayacaq. Əminəm ki, Maradona və Pele ilə “Cənnət” futbol klubu yenilməz olacaq”.
Braziliyalı sabiq futbolçu Kafu – “Qardaşımı itirdim. Katolik xristian kimi mən bilirəm ki, insan öləndə əbədi həyat üçün doğulur. O, sadəcə sonu olan bir dünyanı tərk edib, sonsuz bir dünyaya getdi. Əlvida, Pele!”.
“Barselona” klubunun hücumçusu Robert Levandovski – “Göylərdə yeni ulduz peyda oldu, futbol dünyası qəhrəmanını itirdi”.
PSJ klubunun və Braziliya yığmasının hücumçusu Neymar – “Peledən əvvəl 10 sadəcə rəqəm idi. Bu cümləni nə vaxtsa oxumuşam. Amma bu cümlə yarımçıqdır. Deyərdim ki, Peleyədək futbol sadəcə idman növü idi. Hər şeyi dəyişdi. O, futbolu sənətə və əyləncəyə çevirdi. Kasıblara, qaradərililərə səs verdi və Braziliyanı tanıtdı. “Kral”ın sayəsində futbol və Braziliyanın statusu yüksəldi. O getdi, amma sehri qaldı. Pele əbədidir”.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo – “Bütün Braziliyaya, xüsusən də Pelenin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Əbədi “Kral”la sadə “vida” sözü bütün futbol dünyasının bu an nələr yaşadığını ifadə etməyə kifayət etməz. O, yüz minlərlə insan üçün ilham mənbəyi idi. O, unudulmayacaq və xatirəsi hər birimizin, futbolsevərlərin yaddaşında əbədi qalacaq”.
Argentina yığmasının tərkibində dünya çempionu olmuş Lionel Messi əfsanəvi futbolçu Pelenin ölümü ilə bağlı hissələrini üçqat dünya çempionu ilə birgə fotosunu paylaşmaqla ifadə edib və bu sözləri yazıb: “Rahat yat, Pele”.
PSJ klubunun və Fransa yığmasının hücumçusu Kilian Mbappe – “Futbolun kralı bizi tərk etdi, amma onun böyüklüyü heç vaxt unudulmayacaq”.
FIFA-nın prezidenti Canni İnfantino – “Pele ölməz, əbədi olaraq bizimlədir”.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax – “Pelenin vəfatı ilə dünya böyük bir idman simvolunu itirdi. O, Olimpiya dəyərlərinin səmimi tərəfdarı və Olimpiya məşəlinin qürurlu daşıyıcısı idi. Ona Olimpiya ordenini təqdim etmək mənim üçün şərəf idi”.
UEFA-nın prezidenti Aleksander Çeferin – “Bütün zamanların ən böyük futbolçularından biri olan Pelenin aramızdan getməsinə görə dərindən kədərlənirik. O, futbolda ilk dünya superulduzu idi. Onun meydançada və meydançadan kənarda qazandığı nailiyyətlər sayəsində futbol dünyada ən populyar idman növü oldu”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts