Misirlə Türkiyə arasında diplomatik əlaqələr bərpa oluna bilər

Tokio, 10 dekabr, /AJMEDIA/

Yaxın vaxtlarda Misirlə Türkiyə arasında diplomatik əlaqələr bərpa oluna bilər.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Əl Əhram” qəzetində dərc olunmuş analitik məqalədə bildirilib.

Yazıda qeyd olunub ki, rəsmi Ankara ərəb ölkələri, o cümlədən Misirlə, həmçinin İsraillə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atır. Bu yaxınlarda Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl Nəhyanın Türkiyəyə səfəri zamanı imzalanmış mühüm sənədlər, habelə Prezident Rəcəb Tayyib Ərdoğanın Misirlə münasibətlərin normallaşmasına dair bəyanatı bunu söyləməyə əsas verir.

Beynəlxalq əlaqələr üzrə ekspert Tarik Fəhmi qəzetə müsahibəsində bildirib ki, Türkiyənin dövlət başçısının bəyanatı diplomatik əlaqələrin tam bərpa olunması və iki ölkə arasında problemlərin həlli baxımından konstruktiv addımdır. Onun sözlərinə görə, bu il Misir və Türkiyə Xarici İşlər nazirlikləri səviyyəsində keçirilmiş müzakirələr faydalı olub. Ekspert əlavə edib ki, danışıqlarda əsas müzakirə mövzusu Liviya ilə bağlıdır. Rəsmi Qahirə ümid edir ki, Misir və Türkiyə bu ölkədə sabitliyin bərqərar olması istiqamətində birgə müsbət addımlar atacaqlar. Problemlə bağlı yekun qərar isə dekabrın 24-də Liviyada keçiriləcək prezident seçkilərindən sonra veriləcək.

Qəzetin yazdığına görə, rəsmi Ankara Liviyanın hazırkı keçici hökumətinin başçısı Əbdülhəmid Dbeibahı dəstəkləyir. Eyni zamanda, Qahirə də ona müsbət münasibət bəsləyir. Seçkilərdən sonra Liviyada yaranacaq yeni vəziyyət Türkiyə ilə Misir arasında münasibətlərin normallaşmasında da mühüm amil olacaq.

Qahirə ilə Ankara arasında daha bir ciddi problem Misir, Yunanıstan, Kipr və İsrailin üzv olduqları Şərqi Aralıq Dənizi Qaz Forumu ilə bağlıdır. Sözügedən alyans Türkiyənin Aralıq dənizinin şərqində neft-qaz kəşfiyyatı aparmasını xoş qarşılamır. Lakin ekspertlər ümid edirlər ki, bu problem də danışıqlar yolu ilə öz həllini tapa və Ankara foruma müşahidəçi statusu ilə daxil ola bilər.

Qahirə ilə Ankara arasında münasibətlər 2013-cü ildə Misirin mərhum Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Həmin ildə hər iki dövlət öz səfirlərini “persona non-grata” elan edib. Lakin iki ölkənin iş adamları arasında əməkdaşlıq davam edib və Türkiyə şirkətlərinin Misirdə fəaliyyətinə icazə verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts