Azərbaycan Milli Abilimpiya Federasiyası ilə Rusiyanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb

Tokio, 7 Dekabr, /AJMEDIA/

Azərbaycan Milli Abilimpiya Federasiyasının (AMAF) dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizdə səfərdədirlər.

AJMEDIA xəbər verir ki, səfər çərçivəsində AMAF ilə Rusiya Milli Abilimpiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Bu qurumların rəhbərləri İlqar Rəhimov və İqor Qribanovun imzaladıqları memorandum qarşılıqlı əlaqələrin qurulması, birgə seminarların təşkili və 2022-ci ildə Rusiyada keçiriləcək abilimpiya çempionatına hazırlıq məqsədi daşıyır.

İ.Rəhimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə əlilliyi olan şəxslər abilimpiya hərəkatı vasitəsilə peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünəməşğulluq proqramlarında iştirak edəcəklər. Milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. O, ölkələrimiz arasında abilimpiya hərəkatı sahəsində əməkdaşlığın davamlı olacağına əminliyini bildirib.

Rusiya Federasiyasının Milli Abilimpiya Mərkəzinin direktoru Azərbaycanda abilimpiya hərəkatının inkişafı sahəsində görülən işləri və ölkəmizdə bu hərəkata göstərilən diqqəti yüksək qiymətləndirib.

Səfərin məqsədi AMAF-ın yerli və beynəlxalq çempionatlara hazırlıq, milli komandanın formalaşdırılması və Abilimpiya hərəkatı haqqında metodiki və praktiki seminarlar keçməkdir.

Səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman və Təhsil nazirliklərinin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlər zamanı ölkəmizdə abilimpiya hərəkatının inkişafı, məşğulluq və özünəməşğulluq proqramları, Azərbaycanda abilimpiya hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, inklüziv təhsilin yeni tendensiyalarına dair müzakirələr aparılacaq.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində orta ixtisas təhsili sistemində abilimpiya hərəkatının inkişafı və inklüziv təhsilə həsr olunmuş seminarlar keçiriləcək. Seminar iştirakçıları əlilliyi olan şəxslərin tədris prosesində müasir texniki vasitələrin tətbiqi, milli komandanın formalaşdırılması, yerli çempionatların keçirilməsi və abilimpiyaçıların yarış zamanı yerinə yetirdikləri tapşırıqların qiymətləndirilməsi üçün hakim heyətinin hazırlanması, eləcə də Moskvada keçiriləcək “Abilympics” X beynəlxalq çempionatına hazırlıq məsələlərini müzakirə edəcəklər.

Seminarlardan sonra dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində abilimpiyaçıların iştirakı ilə ilk dəfə olaraq sınaq yarışı keçiriləcək.

Rusiya Federasiyası Milli Abilimpiya Mərkəzi ölkəmizə səfəri dekabrın 10-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts