Sercio Mattarella yenidən İtaliya Prezidenti seçilib

Tokio, 30 yanvar, /AJMEDIA/

Yanvarın 29-da axşam saatlarında İtaliyada prezident seçkilərdə səsvermənin səkkizinci turu keçirilib. Bu turda hazırkı Prezident Sercio Mattarella yenidən prezident seçilib.

AJMEDIA xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermədə həm sağ-mərkəzçilər, həm də sol-mərkəzçi partiyaların namizəd göstərdiyi Sercio Mattarella lazımi səs sayını toplayaraq İtaliyanın 13-cü prezidenti olub. Bu səsvermədə namizədlər səslərin yarıdan çoxunu, yəni, 505 səs yığmalı idi.

Sercio Mattarella səsvermədən əvvəl yerli mətbuata açıqlamasında həyatı ilə bağlı başqa planlarının olduğunu, lakin parlamentin qərarına hörmətlə yanaşdığını deyib.

Sercio Mattarella ardıcıl ikinci dəfə prezident seçilib

1946-cı ildə respublika idarəetmə sisteminə keçən İtaliyada 80 yaşlı Sercio Mattarella ikinci dəfə prezident seçilən ikinci şəxs olub. O, 2015-ci ildə keçirilən seçkilərdə İtaliyanın 12-ci prezidenti seçilib, səlahiyyət müddəti bu il fevralın 3-də başa çatacaqdı.

1948-ci ildə ilk Prezident Enriko De Nikoladan tutmuş hazırkı Prezident Sercio Mattarellaya qədər 12 prezidentin çalışdığı İtaliyada bu vəzifəyə yalnız ölkənin 11-ci Prezidenti Corcio Napolitano iki dəfə seçilmişdi. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə Prezident olub.

Builki seçkilər respublika tarixində beşinci ən uzun seçki olub

İtaliya 1946-cı ildə xalq səsverməsi ilə monarxiyadan respublika idarəetmə sisteminə keçib. Ölkədə prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində Covanni Leone 23 turdan (16 gün) sonra qalib gələ bilmişdi.

2022-ci il seçkiləri isə yanvarın 24-də başlayıb və respublika tarixində beşinci ən uzun seçki olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts