Səudiyyə Ərəbistanı Çinin və Yaponiyanın etibarlı neft tədarükçüsü olacaq

Tokio, 22 oktyabr , /AJMEDIA/

Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman çinli və yaponiyalı həmkarları ilə qlobal enerji bazarlarında sabitliyin təmin edilməsi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
AJMEDIA rəsmi Saudi Press agentliyinə istinadla xəbər verir ki, səudiyyəli nazirin Çinin milli enerji naziri Çanq Janxua ilə virtual formatda keçirdiyi görüşdə qlobal neft bazarında sabitlik, tələbat və tədarük üzrə risklərin azaldılması məsələləri diqqət mərkəzində olub. Səudiyyə Ərəbistanının naziri vurğulayıb ki, onun ölkəsi ən böyük neft istehlakçısı olan Çinin tələbatını ödəmək üçün bütün imkanlara malikdir. Nazirlər bərpaolunan enerji mənbələri, neft kimyası və neft emalı üzrə birgə müəssisələrin yaradılmasına investisiyalar qoyulması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Səudiyyə Ərəbistanının enerji nazirinin Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasitoşi ilə görüşündə də qlobal enerji bazarlarında sabitlik və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər vurğulayıblar ki, tədarükçü və istehlakçı ölkələr arasında kommunikasiyaların inkişafı enerji təminatında və qiymətlərin tənzimlənməsində zəruri amildir. Səudiyyə Ərəbistanının naziri bildirib ki, onun ölkəsi bundan sonra da Yaponiyanın ən etibarlı neft tədarükçüsü olmaqda davam edəcək. Tərəflər, həmçinin bərpaolunan enerji mənbələri üzrə birgə layihələrin həyata keçirilməsi perspektivlərini də müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts